Accessibility links

Tramp: Şimali Koreya ilə sammitin baş tutub-tutmayacağını zaman göstərəcək


ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Conq Unla gələn ay zirvə görüşünün ləğv edilməsinin mümkünlüyü ilə bağlı açıqlama verib.

“Bizə heç bir söz deyilməyib. Biz heç bir şey görməmişik və eşitməmişik. Görək nə olur. Zaman göstərəcək”, Tramp Ağ Evdə bildirib.

O, ABŞ-ın Şimali Koreyanın nüvəsizləşdirilməsi məsələsində təkid edəcəyini əlavə edib.

Bizə heç bir söz deyilməyib. Biz heç bir şey görməmişik və eşitməmişik. Görək nə olur. Zaman göstərəcək.
ABŞ prezidenti Donald Tramp

Bundan öncə Ağ Evin mətbuat katibi Sara Sanders Fox tele-kanalına bildirib ki, Birləşmiş Ştatlar Trampın Şimali Koreya lideri ilə planlaşdırılmış görüşünün baş tutacağına ümid bəsləyir. Bununla belə o əlavə edib ki, administrasiyada Şimali Koreyanın görüşün ləğv edilməsi ilə bağlı təhdid edə biləcəyinə hazır idilər.

Sara Sandersin bildirdiyinə görə, prezident Tramp “olduqca mürəkkəb danışıqlara hazırdır”.

“Lakin iyunun 12 Sinqapur sammiti ləğv edilsə, biz Şimali Koreyaya qarşı iqtisadi sanksiyalarla maksimum təzyiq kampaniyasını davam etdirəcəyik”, o bildirib.

Trampla Kim Conq Un arasında zirvə görüşü ilə bağlı şübhələr Şimali Koreyanın xarici işlər nazirinin birinci müavini Kim Kye Qvanın Pxenyanın Amerikanın nüvə silahları arsenalını birtərəfli şəkildə təhvil verməsi ilə bağlı tələblərini davam etdirdiyi halda sammitdə iştirak edib-etməmək məsələsini nəzərdən keçirməli olduğunu bildirməsindən sonra yaranıb.

Şimali Koreya ABŞ və Cənubi Koreya arasında birgə hərbi təlimləri əsas gətirərək, çərşənbə günü Cənubi Koreya ilə yüksək səviyyəli danışıqları təxirə salıb.

Cənubi Koreya bildirib ki, Şimal və Cənub arasında danışıqlarda demilitariziya planları və 1950-ci illərdə Koreya müharibəsinin rəsmən sona çatdırılması məsələləri müzakirə edilməli idi.

XS
SM
MD
LG