Accessibility links

Tramp 2.2 trilyonluq yardım paketinə dair qanuna imza atdı


ABŞ prezidenti Donald Tramp Konqresin Nümayəndələr Palatası Amerika tarixində ən böyük iqtisadi yardım paketini təsdiq etdikdən bir neçə saat sonra 2 trilyonluq dollarlıq yardımın ayrılmasını nəzərdə tutan qanun layihəsinə imza atıb.

“Mən Demokratlar və Respublikaçılara bir araya gəlib, Amerikanı birinci yerə qoyduqları üçün təşəkkürümü bildirirəm”, Tramp Ağ Evdə imzalama mərasimində deyib.

Presedenti görünməmiş qanun layihəsi koronavirus epidemiyasının iqtisadi təsirlərini azalmaq məqsədilə zərər çəkmiş biznes və sənaye sahələrinə, eləcə də koronavirusa qarşı mübarizə aparan xəstəxanaların tibbi avadanlıqla təmin edilməsi üçün milyardlarla dollar vəsaitin ayrılmasını və orta sinif amerikalılara nağd pul verilməsini nəzərdə tutur.

Hərtərəfli qanun layihəsi çərşənbə günü Senat tərəfindən təsdiq edildikdən sonra Nümayəndələr Palatasında səsə qoyulub.

Nümayəndələr Palatasındakı Demokratlar və Respublikaçılar səsvermə prosedurunun dəyişdirilməsinə çalışan Respublikaçı qanunverici Tomas Massinin şikayətini rədd edərək, qanun layihəsini demək olar yekdilliklə təsdiq edib.

Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Konqresdə iqtisadi yardıma dair qanun layihəsini imzalayır. 27 Mart, 2020.
Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Konqresdə iqtisadi yardıma dair qanun layihəsini imzalayır. 27 Mart, 2020.

Bundan öncə də partiya rəhbərliyinə qarşı çıxan Massi Twitter səhifəsində qanun layihəsində “kənar xərclərin” nəzərdə tutulduğunu və Mərkəzi Banka geniş səlahiyyətlər verildiyini bildirib. Prezident Tramp isə Twitter səhifəsində konqresmenin Respublikaçılar Partiyasından çıxarılmasına çağırıb.

Konqres tərəfindən indiyə qədər qəbul edilmiş 2.2 trilyon dollarlıq ən böyük iqtisadi yardım paketi üç həftə ərzində amerikalılara birbaşa ödənişlərin edilməsinə imkan verəcək.

Qanun layihəsində koronavirus epidemiyasının yayılması nəticəsində ən çox zərər görmüş ABŞ şirkətləri üçün 500 milyard dollar ayrılıb. Daha 367 milyard dollar isə işçilərinin sayı 500-dən aşağı olan kiçik bizneslər üçün nəzərdə tutulub. Yardım paketində 250 milyard dollar son iki həftə artan işsizliyə görə müavinətləri təmin edəcək.

Keçən həftə işsizliyə görə müavinət almaq üçün rekord 3.3 milyon nəfər müraciət edib.

Daha 150 milyard dollar koronavirus pasiyentləri ilə dolu olan xəstəxanalara yardım üçün nəzərdə tutulub.

İqtisadi yardım paketində dörd nəfərdən ibarət amerikalı ailələrə 3400 dollara qədər maliyyə ayrılıb. Bu ödənişlər ABŞ-da ailələrin təxminən 90 faizini əhatə edəcək.

Rəsmilər üç həftə ərzində çeklərin ailələrə göndərilməyə başlayacağını bildirib.

XS
SM
MD
LG