Accessibility links

Tramp Ağ Evdə Kosovo və Serbiya liderləri ilə görüşəcək


Ağ Evdən verilən məlumata görə, prezident Donald Tramp cümə günü Kosovonun baş naziri Avdulla Hoti və Serbiya prezidenti Aleksandr Vuçiçlə görüşəcək.

Cümə axşamı gecə yayımlanan açıqlamada Trampın imzalama mərasiminə qatılacağı və bundan sonra üçtərəfli görüşdə iştirak edəcəyi deyilsə də, nəyin imzalanacağı dəqiqləşdirilməyib.

İqtisadi münasibətlərin normallaşdırılmasına dair danışıqlardan sonra Vuçiç deyib ki, ona qarşılıqlı tanınmadan bəhs edən bir müqavilə layihəsi təqdim olunub və o, həmin müqaviləni rədd edib.

Trampın Kosovo ilə Serbiya arasındakı sülh danışıqları üzrə xüsusi elçisi Riçard Qrenell tvitter səhifəsində bunun doğru olmadığını bildirib.

Hoti isə belə bir təklifin olub-olmadığı barədə açıqlama verməyib, lakin o, "Kosovo üçün qəbuledilməz və zərərli müqavilələrin Ağ Evdən gəlmədiyini və gəlməyəcəyini" deyib.

Cümə axşamı Belqrad və Priştina liderləri danışıqların ilk gününü başa vurduqdan sonra Qrenell tvitterdə bunları yazıb: "Məhsuldar bir gün olub. Ümid edirəm."

Bundan əvvəl Trampın milli təhlükəsizlik müşaviri, Qrenellə birlikdə görüşü təşkil edən Robert Obrayin danışıqlar mövzusunda nikbin olduğunu deyib.

Obrayin eləcə də danışıqlara qatıldıqları üçün Beynəlxalq İnkişaf üzrə Amerika Maliyyə Korporasiyasına, Milenium Çağırışı Korporasiyasına və Amerikanın İxrac-İdxal Bankına təşəkkür edib.

“Bu gün günortadan sonra Serbiya və Kosovo liderləri ilə çox yaxşı müzakirələr oldu. Bu gün həqiqi irəliləyiş əldə edildi. Qoşulduğu üçün @DFCgov, @MCCgov və @EximBank US-ə təşəkkür edirik. Bu, iqtisadi irəliləyiş, gənclər üçün iş yerləri deməkdir. Danışıqlar sabah davam edəcək” - deyə, Robert Obrayin bildirib.

XS
SM
MD
LG