Accessibility links

Tramp ABŞ-ın Orta Qərbində seçki kampaniyası aparır


Demokratlar Partiyası virtual konvensiyaya başladığı gün hazırkı prezident Donald Tramp da ABŞ-ın Orta Qərbində seçki kampaniyasına başlayıb.

Bazar ertəsi Minnesota və Viskonsin ştatlarında keçirdiyi seçki kampaniyalarında prezident tərəfdarları önündə çıxış edərək, seçkidəki rəqibini “solçu faşistlərin” heç nədən xəbəri olmayan kuklası adlandırıb.

Tramp xəbərdarlıq edib ki, rəqib partiyanın noyabrda qalib gəlməsi açıq sərhədlərə, iqtisadi çöküşə və başqa fəlakətlərə gətirib çıxara bilər.

“Co Baydenin Amerikasında Amerika vətəndaşlarının toxunulmazlıqları aradan qaldırılacaq və sizin icmanız kütlənin mərhəmətindən asılı olacaq,” prezident Minnesota ştatının Mankato şəhərinin hava limanında toplaşan izdiham qarşısında deyib.

Daha sonra Viskonsin ştatının Oşkoş şəhərinin hava limanında bənzər tədbirdə çıxış edən Tramp deyib ki, “Baydenin idarə etdiyi Amerikada heç kəs təhlükəsiz olmayacaq,” çünki keçmiş vitse-prezident və onun vitse-prezidentliyə namizədi senator Kamala Harris “cinayət tərəfdarıdır və polislərin əleyhinədir.”

Tramp 2016-cı ildə Minnesota ştatında cüzi fərqlə Hillari Klintona məğlub olmuşdu.

"Aydındır ki, prezidentin strategiyası etirazlar, iğtişaşlar və dəyişən demoqrafiya ilə üzləşən ağ orta sinif amerikalıların qorxularını şişirtməkdir. Corc Floyd etirazları, onunla eyni anda baş verən iğtişaşlar və nəticədə əmlaka dəyən ziyan və polisin maliyyələşdirilməsinin dayandırılmasına dair çağırışlar Minnesotada siyasi baxışlarından asılı olmayaraq “baby-boomer” nəsli üçün narahatedici reallıqlardır,” Skidmor Kollecinin tarix professoru Cennifer Delton bildirib.

Minnesota 20-ci əsrin böyük bir hissəsində proqressiv liberal mədəniyyətin istehkamı hesab olunurdu. Belə ki, Minnesota ştatından Demokratlar Partiyasından iki vitse-prezident çıxıb. Bunlar Hubert Hamfri və Volter Mondeyldir. Lakin bu ənənə 1980-ci illərdə bir neçə mühafizəkar tərəfindən dəyişib.

“Eyni zamanda isə ştat siyasi baxımdan fəal olan hmonq və somalili icmalar səbəbilə müxtəlif olub,” Cennifer Delton deyib.

Prezident Minneapolis, Mankato və Oşkoş şəhərlərindən sonra çərşənbə axşamı Arizona ştatının Yuma şəhərinə yola düşür. İki gün sonra isə o, Baydenin uşaqlığının keçdiyi Pennsilvaniya ştatının Skranton şəhərinə yola düşəcək.

Tramp 2016-cı ildə seçki kampaniyasında böyük izdihamlar önündə çıxış edirdi, lakin bu il həm Tramp, həm Baydenin kampaniyaları koronavirus pandemiyası səbəbilə və insanların aralarında sosial məsafəni qorumalı olduqları üçün məhdudlaşdırılıb.

Tramp bazar ertəsi bu dəyişikliklə bağlı gileylənib.

Prezident deyib ki, namizədlər indi nitqlə çıxış edərkən COVID-19-u yaymaq riski səbəbilə onları dinləməyə gələn “kütlədən iki futbol meydançası uzaqda” dayanmalıdırlar.

Koronavirusa təxminən 5.5 milyon yoluxma halının qeydə alındığı Birləşmiş Ştatlarda ölüm hallarının sayı 170 mindən çoxdur.

XS
SM
MD
LG