ABŞ prezidenti Donald Tramp bazar ertəsi milli xəbər agentliklərini ölkədə qəzəb oyatmaqda günahlandırıb və bu qəzəbin sinaqoqla kütləvi qətl və prezidentin tənqidçilərinə partlayıcılarla dolu bağlamaların göndərilməsi ilə nəticələndiyini söyləyib.
Trampın siyasi rəqibləri onu Amerika xalqı daxilində dərin bölgülərə səbəb olmaqda günahlanıdırır və bunu onun çox vaxt demokralar, qanunsuz mühacirlər və onun siyasətinə qarşı çıxan digər insanlara qarşı kobud ritorikasının nəticəsi olaraq görür.
Lakin Tramp Twitter hesabında “Ölkəmizdə xəbərlərin yanlış və hətta saxta şəkildə işıqlandırılmasının səbəb olduğu böyük qəzəb var. Saxta Xəbər Mediası, İnsanların həqiqi Düşməni açıq-aydın düşmənçiliyə son qoymalı, xəbərləri doğru və ədalətli şəkildə işıqlandırlmalıdır. Bu, qəzəb və hiddət alovunu söndürəcək və daha sonra bütün tərəfləri sülh və harmoniya içində bir araya gətirəcək. Saxta Xəbərlərə Son Qoyulmalıdır!” yazıb.
Onun tviti bazar günü “Saxta Xəbər mediası ölkədə uzun müddətdir davam edən bölgü və nifrətə görə respublikaçıları, mühazifəkarları və məni günahlandırmaq üçün əlindən gələni edir. Əslində onların dərk etdiyindən daha böyük problemləri elə onların saxta və qeyri-səmimi xəbərləri yaradır!” deməsindən bir neçə saat sonraya təsadüf edib.
Tramp şənbə günü Pitsburqda sinaqoqda 11 nəfərin ölümü, 6 nəfərin yaralanması ilə nəticələnən atışma ilə bağlı təəssüfünü bildirib. O deyib ki, “bu anti-semitik hücum insanlığa qarşı hücumdur. Dünyamızı antisemitizm zəhərindən təmizləmək üçün hamımız birlikdə çalışmalıyıq. Biz nifrətə qalib gəlmək üçün birlik olmalıyıq.”
Ötən həftə yüksək vəzifəli demokratlara partlayıcılar göndərildiyi zaman ABŞ radio və televiziya proqramlarının bəzi mühafizəkar şərhçiləri bunun gələn həftə keçiriləcək ara seçkilərdən öncə üstünlük əldə etməyə çalışan Trampın solçu rəqiblərinin həyata keçirdiyi əməliyyat olduğunu iddia edib.
Lakin cümə günü federal agentlər Tramp tərəfdarını həbs edib və onu sabiq prezident Barak Obama, sabiq vitse-prezidenti Co Bayden, sabiq dövlət katibi Hillari Klinton və Obama administrasiyasında çalışan milli təhlükəsizlik rəsmilərinə partlayıcılar göndərməkdə ittiham edib. Hüquq-mühafizə rəsmiləri deyib ki, şübhəli şəxs pəncərələri Trampın plakatları və yüksək rütbəli demokratların üzlərinə xəttlər çəkilmiş şəkilləri ilə örtülü mikroavtobusda yaşayırdı.
Tramp şübhəli şəxsi həbs etdiyinə görə, ABŞ hüquq-mühafizə orqanlarının rəsmilərini alqışlayıb və deyib ki, siyasi zorakılığa yol verilməməlidir.
56 yaşlı Sezar Sayok həbs olunandan bir neçə saat sonra Tramp siyasi mitinq zamanı “Biz medianın son saatlarda bir şəxsin hərəkətlərindən mən və Respublikaçılar partiyasına qarşı istifadə etdiyinin şahidi olduq. Medianın davamlı ədaələtsiz işıqlandırması, dərin nifrət hissi və mənfi hücumları insanları ayrırır, sağlam debata xələl gətirir” deyib.