Accessibility links

Tramp: ABŞ Meksika ilə mühacirətə dair razılaşmanın detallarını açıqlayacaq


ABŞ prezidenti Donald Tramp bazar günü adimistrasiyasının Meksika ilə mühacirətə dair razılaşmanın əlavə detallarını açıqlayacağını bildirib. O həmçinin Meksika tərəfindən Cənubi Amerika ölkələrindən ABŞ-ın cənub sərhədinə miqrant axınının dayandırılması üçün üzərinə yeni ciddi təəhhüdlər götürmədiyinə dair kütləvi informasiya vasitələrində verilmiş məlumatları rədd edib.

“Meksika sərhədlə bağlı bizdə yaranan və ya da yaranmayan məsələlərdə əməkdaşlıq etmirdi, indi isə mən tam əminəm ki, xüsusilə də onların prezidenti ilə dünənki söhbətdən sonra onlar tam əməkdaşlıq edəcəklər və öz işlərini lazımi şəkildə görmək istəyirlər”, Tramp Twitter səhifəsindəki mesajında yazıb.

“Qeyd etmək lazımdır ki, dünənki press relizdə bəzi məqamlar, xüsusilə də bizim razılaşdığımız bir məqam qeyd edilməyib. Bu, müvafiq vaxtda elan ediləcək”, Tramp bildirib, lakin detallara varmayıb.

Vaşinqtonda üç gün sürən danışıqlardan sonra cümə günü elan edilən razılaşma Tramp tərəfindən bazar ertəsi günündən başlayaraq Meksikadan idxala 5 faiz rüsum tətbiq edilməsi təhlükəsini aradan qaldırmış oldu. Razılaşmaya əsasən, Birləşmiş Ştatlarda sığınacaq istəyən şəxslərin onların işinə baxılan müddətdə Meksikaya göndərilməsinə dair mübahisəli proqramın genişləndirilməsi və Meksika ilə cənub sərhədinin gücləndirilməsi nəzərdə tutulur.

Tramp həmçinin New York Times qəzetində razılaşmanın Meksikanın artıq öz üzərinə götürdüyü öhdəliklərdən ibarət olduğuna dair verdiyi məlumatla razılaşmayaraq, məqaləni “saxta” adlandırıb.

Qəzetin bazar günü nəşr edilmiş məqaləsində hər iki ölkədən danışıqlarla bağlı məlumatı olan rəsmilərə istinadən bildirilir ki, sığınacaq istəyən şəxslərin Meksikada qalmasına icazənin genişləndirilməsinə dair razılıq dekabr ayında əldə edilib.

New York Times qəzetinin məqaləsində habelə deyilir ki, Meksika Milli Qvardiyanın ölkə boyu yerləşdirilməsi və cənub sərhədinə üstünlük verilməsinə mart ayında razı olub.

“Biz sərhəddə bu kimi addımların atılmasını digər administrasiyalar kimi uzun müddətdir gözləyirdik, amma buna nail ola, ya da Meksika ilə razılaşma imzalamadığımıza qədər tam nail ola bilmirdik”, Twitter səhifəsindəki mesajında yazıb.

XS
SM
MD
LG