Accessibility links

Tramp: ABŞ-Rusiya ittifaqı dünyanı daha yaxşı və təhlükəsiz yerə çevirə bilər


ABŞ prezidenti Donald Tramp Oval ofisdə telefonla söhbət edir. 27 iyun 2017.
ABŞ prezidenti Donald Tramp Oval ofisdə telefonla söhbət edir. 27 iyun 2017.

ABŞ prezidenti Donald Tramp şənbə günü deyib ki, ABŞ-la Rusiya arasında güclü ittifaq daha yaxşı qlobal cəmiyyət ilə nəticələnəcək.

“Rusiya ilə yaxşı/əla münasibət qurmaq üçün böyük potensial var”, Tramp Rusiya prezidenti Vladimir Putinlə müsbət kimi qiymətləndirdiyi telefon danışığından bir gün sonra atdığı tvitdə yazıb. “Dünya daha yaxşı və təhlükəsiz yer ola bilər”, o əlavə edib.

Tramp bir saatdan çox davam edən telefon söhbəti zamanı Putinlə müzakirə etdiyi məsələlər arasında Venesulanın da olduğunu söyləyib.

“O, Venesuelaya müdaxilə etməyi düşünmür, sadəcə olaraq Venesuelada müsbət hadisələrin baş verməsini istəyir. Mən də elə düşünürəm”, Tramp cümə günü gündüz Oval ofisdə müxbirlərə bildirib.

Slovakiyanın baş naziri Piter Pelleqrinin yanında çıxış edən Tramp Putinlə Venesuela məsələsinə dair müzakirəsini “çox müsbət” qiymətləndirib.

Son günlər Vaşinqtonla Moskva arasında Karakasda getdikcə sabitliyi pozan hadisələr səbəbilə gərginlik artıb. Tramp administrasiyası Rusiyanı Venesuela prezidenti Nikolas Maduronu hakimiyyətdən gedərək, ölkədən qaçmasının qarşısını almaqda günahlandırıb.

“Bu, bizim yarımkürədir” - deyə, milli təhlükəsizlik müşaviri Con Bolton çərşənbə günü bildirib. “Rusiyalılar oraya müdaxilə etməməlidir”.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu həftənin əvvəli ABŞ dövlət katibi Mayk Pompeo ilə telefon danışığı zamanı Pompeoya Venesuelada hər hansı aqressiv addımların atıldığı təqdirdə “ağır nəticələrin” olacağını deyib. Bu isə Vaşinqtona hərbi müdaxilə etməməsi üçün təhdid kimi dəyərləndirilir.

Pompeo və Lavrovun gələn həftə Finlandiyada Arktika Şurasının nazirlər sessiyasının çərçivəsində görüşəcəkləri gözlənilir və böyük ehtimalla müzakirə mövzusu Venesuela olacaq.

Onların görüş zamanı istədikləri mövzunu müzakirə etmək şansları olacaq,” Dövlət Departamentinin yüksək vəzifəli rəsmisi Pompeonun səfərindən öncə müxbirlərə bildirib.

Bolton, müdafiə naziri Patrik Şanahan, müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Con Rud və ABŞ-ın Cənubi Komandanlığının komandiri Dəniz Donanmasının admiralı Kreq Faller daxil olmaqla prezidentin milli təhlükəsizlik komandası cümə günü Pentaqonda gizli məsələlər və hərbi əməliyyatların yüksək səviyyəli müzakirəsi üçün nəzərdə tutulan otaqda görüşüb.

Müdafiə rəsmiləri Venesuela ilə bağlı çıxış yollarını müzakirə etdiklərini söyləyib.

XS
SM
MD
LG