Accessibility links

Tramp administrasiyası pandemiya şəraitində xarici işçilər üçün viza məhdudiyyətləri qoyur


ABŞ prezidenti Donald Tramp Amerika işçilərinin işlərini itirməsi də daxil olmaqla koronavirus pandemiyasının vurduğu iqtisadi zərəri nəzərə alaraq, əcnəbi işçilərə immiqrasiya vizalarının verilməsini məhdudlaşdırır.

Vizaların verilməsinin ilin sonuna qədər dondurulması qərarı bir çox texnologiya və dizayn şirkətlərinin istifadə etdiyi H-1B adlanan iş vizaları, habelə tələbə mübadiləsi əsasında ölkəyə gəlmək üçün verilən J-1 vizaları və çoxmillətli korporasiyaların rəhbərləri üçün L-1 vizalarına aiddir.

Tənqidçilər Trampın pandemiyadan ABŞ-a immiqrasiyanı azaltmaq kimi məqsədinə nail olmaq üçün istifadə etdiyini deyir. Noyabr ayında yenidən seçilməyə çalışan Tramp immiqrasiya ilə bağlı sərt mövqeyini kampaniyasının əsas hissəsinə çevirib.

ABŞ Ticarət Palatası da daxil olmaqla, böyük texnoloji şirkətlər, həmçinin iri biznes qrupları bir çox xarici işçinin önəmli olduğunu və onların ölkədə olmamasının koronavirusun qarşısını almaq məqsədilə tətbiq edilmiş karantin məhdudiyyətləri qaldırıldıqdan sonra ölkə iqtisadiyyatının bərpasına mane olacağını bildirib.

Tramp administrasiyası, iyunun 22-də yaşıl kartların verilməsi üçün 60 günlük qadağanın müddətinin uzadılacağını da açıqlayıb. Bunlar əsasən ailə üzvlərinə təsir göstərir. Buna baxmayaraq, ABŞ vətəndaşları həyat yoldaşları və azyaşlı uşaqlarına sponsorluq etməyə davam edə bilərlər.

ABŞ-ın dünya ölkələrindəki konsulluqları koronavirus pandemiyası səbəbilə adi viza proseduru üçün bağlı qaldığından viza verilməsinin dayandırılmasının məhdud təsirləri var.

Bazar ertəsi elan edilən dəyişikliklərdən təsirlənən digər bir qrup sığınacaq üçün müraciət edən şəxslərdir. Tramp administrasiyası sığınacaq axtaranlara bir il müddətinə işləməyə icazə verilməsini rədd edən yeni qaydalar tətbiq ediləcəyini bildirib.

Yeni qaydalar artıq ABŞ-da yaşayan və işləyən mühacirlərə şamil edilmir.

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG