Demokratların əksəriyyətdə olduğu Nümayəndələr Palatasında çərşənbə günü keçirilən tarixi səsvermə ilə prezident Donald Tramp ABŞ tarixində impiç edilmiş üçüncü prezident oldu. Qanunvericilər Trampın öz şəxsi mənafeyi naminə prezidentlik səlahiyyətlərindən sui-istifadə etməsinə dair birinci impiçment maddəsinə 230 lehinə, 197 səs əleyhinə və bir bitərəf səs olmaqla səs verib. Konqresin təhqiqatına əngəl yaratmaq maddəsi üzrə səsvermə isə 229 lehinə, 198 əleyhinə və bir bitərəf səslə nəticələnib. Nümayəndələr Palatasında partiya xətti üzrə bölünmə şəraitində keçən tarixi səsvermədən sonra Trampın vəzifəsindən kənarlaşdırılması ilə bağlı məsələ yanvar ayında Senatda məhkəməyə çıxarılacaq.
Donald Tramp Amerikanın 243 illik tarixində ABŞ Konqresinin Nümayəndələr Patası tərəfindən impiç edilən üçüncü prezident oldu.
Nümayəndələr Palatasının spikeri Nensi Pelosi səsvermədən öncə məsələnin ciddiliyini qeyd edərək, Demokratlara bu tarixi anı alqışlamamaq barədə xəbərdarlıq edib.
“Bu, faicədir ki, prezidentin düşüncəsiz hərəkətləri impiçmenti zəruri edib. O bizə başqa seçim qoymayıb.”
Səsvermə ilə prezidentlə bağlı üç aydır sürən təhqiqata son qoyulur. Təhqiqat Trampın Konqres tərəfindən Ukraynaya ayrılmış 400 milyonluq hərbi yardımı Ukrayna liderindən siyasi rəqibi Co Bayden və onun oğlu Hanter Baydenlə bağlı təhqiqat aparmaq kimi şəxsi siyasi müraciətlə əlaqələndirdiyinə dair məlumatın verilməsindən sonra başlayıb. Demokratların bu addımın Amerika demokratiyasını təhlükə altına aldığını bildirir.
Nümayəndələr Palatasının Kəşfiyyat komitəsinin sədri Adam Şiff.
“Amerikada heç kəs qanundan üstün deyil. Donald Tramp bizim milli təhükəsizliyimizi növbəti seçkini aldatmağa cəhd edərək qurban verib. Buna görə və onun bizim seçkilərə xarici müdaxilənin cəlb edilməsi səylərini davam etdirməsinə görə o impiç edilməlidir.”
Qanunvericilər impiçmentə səs verdikləri vaxt danışan Tramp səsvermənin onun deyil, Demokratların siyasi şanslarını pozacağını deyib.
“Bugünkü qanunsuz və birtərəfli impiçmentlə heç bir iş görməyən demokratlar seçiciliərə dərin nifrətləri və hörmətsizliklərini ifadə edir. Bu, onlar üçün siyasi intihardır.”
Nümayəndələr Palatasındakı prezidentə sadiq bütün Respublikaçılar Demorkatların 2020-ci il seçkilərinin nəticələrinə müdaxilə etməyə çalışdığını iddia edir.
Respublikaçı konqresmen Daq Kollinz: “Onlar onu heç bir əsaslı faktla bağlaya bilmir. Prezident yanlış heç bir iş görməyib.”
Rəy sorğuları göstərir ki, fikir ayrılıqları təkcə qanuvericilər arasında mövcud deyil. Amerikalıların 43 faizi Trampa dəstək versə də, Amerika ictimaiyyətinin demək olar yarısı impiçmenti dəstəkləyir.
Virciniya Universitetinin təhlilçisi Larri Sabato: “Bu, əvvəl şahidi olduğumuz impiçmentdən çox fərqlidir. Bu o demək deyil ki, Trampın prezidentliyi daha əvvəl bitəcək. Hazırda Birləşmiş Ştatlarda o qədər fikir ayrılığı və partiya mənsubiyyətinə görə o qədər qütbləşmə var ki əsl impiçmentin artıq heç bir gücü yoxdur. Bu, artıq işləmir.”
Lakin tarixi səsvermə nəticəsində Tramp qanunvericilərin qəti qınağı ilə qarşılaşan ABŞ prezidentlərinin kiçik qrupuna daxil olmuş olur. Demokratların qəbul etdiyi impiçment maddələri Trampın Senatda məhkəməsini tələb etsə də, o tam yəqinliklə demək olar ki, bəraət qazanacaq və vəzifəsində qalacaq.
Virciniya Universitetinin təhlilçisi Larri Sabato: “Republikaçılar heç vaxt Trampı çıxarmayacaqlar. Lakin bu, prezident Trampa bir xəbərdarlıqdır ki, prezident kimi vəzifədə istər bir il, ya da daha beş il qalmasından asılı olmayaraq, bu, ona işlər çox dərin getsə nə ola biləcəyini xatırladacaq.”
Trampın vəzifədə qalacağı gözlənilsə də, impiçment ABŞ siyasi tarixində nadir hadisədir və Trampın prezidenliyində həmişəlik bir iz qoyur.