Accessibility links

Tramp amerikalılara Venesuelaya səfər etməmək barədə xəbərdarlıq edib


ABŞ prezidenti Donald Tramp Venesuela prezidenti Nikolas Maduronun ölkəsində siyasi böhranı həll etmək üçün opponentləri ilə danışıqlar aparmaq istədiyini deyib, lakin amerikalılara Venesuelaya səfər etməmək barədə xəbərdarlıq edib.

Tramp çərşənbə günü səhər Twitter sosial şəbəkəsində yazdığı mesajında Maduronun ölkədəki müxalif qüvvələrlə danışıqlar aparmaq və erkən parlament seçkilərinin keçirilməsi təklifinə işarə edib.

O əlavə edib ki, Venesuelanın neft gəlirlərinin kəsilməsi də daxil olmaqla, ABŞ sanksiyalarının yaratdığı təhlükə Maduronun mövqeyinin yumşalmasına təsir göstərib.

Maduro müzakirələr masası arxasında oturmağa hazır olduğunu deyərək, danışıqlar təkilifini Rusiyanın RİA xəbər agentliyinə müsahibəsi zamanı verib. Lakin o, müxalifət lideri Xuan Quaydonun tələbini rədd edərək, 2025-ci ilə qədər Venesuelada prezident seçkilərinin keçirilməyəcəyini bildirib.

Venesuela prezidenti Nikolas Maduro
Venesuela prezidenti Nikolas Maduro

Quaydo keçən həftə Milli Assambleyanın Maduronun prezidentliyinin qeyri-legitim olduğunu bəyan etməsindən sonra özünü müvəqqəti keçid dövrü prezidenti elan edib. Assambleya 2018-ci il may ayında Maduronun yenidən seçildiyi seçkilərin ədalətli keçirilmədiyini bildirib. Seçki bir sıra müxalif namizədlərin qatıla bilmədiyi, ya da boykot etdiyi şəraitdə keçirilib.

Özünü keçid dövrü prezidenti elan etmiş Venesuela müxalifət lideri Xuan Quaydo
Özünü keçid dövrü prezidenti elan etmiş Venesuela müxalifət lideri Xuan Quaydo

Quaydo venesuelalıları “silahlı qüvvələrin xalqın tərəfindən keçməsi tələbi ilə” çərşənbə günü iki saatlıq dinc nümayiş keçirməyə çağırıb.

O, CNN tele-kanalına müsahibəsi zamanı Maduro hakimiyyətindən dinc keçidin və daha sonra azad seçkilərin keçirilməsinin mümkün olduğunu deyib.

XS
SM
MD
LG