Accessibility links

Tramp aparat rəhbəri vəzifəsinə bir neçə namizədi nəzərdən keçirir


ABŞ prezidenti Donald Tramp

ABŞ prezidenti Donald Trampın yeni apparat rəhbəri vəzifəsinə təyin edəcəyi gözlənilən namizəd işi qəbul etməyib.

Hazırda vitse-prezident Mayk Pensin aparat rəhbəri vəzifəsində çalışan Nik Ayers bazar günü tvit ataraq Trampa və Pensə təşəkkürünü bildirib, lakin deyib ki, yaxında administrasiyadan tamamilə çıxıb gedəcək.

Trampın ən azından 2020-ci il seçki kampniyasınadək Ağ Evdə qalacaq namizəd axtarışında olduğu deyilir. O, bazar günü Twitter hesabında “çox yaxında” qərarını açıqlamağı planlaşdırdığını bildirib.

Prezident şənbə günü elan edib ki, hazırkı aparat rəhbəri Con Kelli bu ayın sonunda vəzifədən gedir.

Kellinin gedişi gözlənilirdi. Artıq aylardır prezidentlə arasındakı soyuq münasibət səbəbilə sabiq piyada korpusu generalının vəzifədən gedəcəyinə dair spekulyasiya var idi.

Ayers iş təklifini qəbul etmədiyi üçün, prezidentin aparat rəhbəri vəzifəsi üçün maliyyə naziri Stiv Mnuçini, idarəetmə və büdcə idarəsinin direktoru Mik Malvani və ya respublikaçı konqresmen Mark Medousu nəzərdən keçirdiyi deyilir.

Onlardan biri və ya Trampın təyin edəcəyi başqa bir şəxs ənənəvi olaraq Oval idarəyə çıxışa nəzarət edən insan olaraq Kellini əvəzləyəcək.

Tramp iki ildə artıq üçüncü aparat rəhbərini seçəcək. O, 2012-ci ilin yanvar ayında bu cür dəyişikliyə görə sələfi Barak Obamanı tənqid etmişdi.

XS
SM
MD
LG