ABŞ prezidenti Donald Tramp demokratların son səkkiz ildə ilk dəfə olaraq Nümayəndələr Palatasında nəzarəti ələ alması və respublikaçıların Senatda nəzarəti gücləndirməsi ilə nəticələnmiş Konqresə ara seçkiləri “çox böyük qələbə” adlandırıb. Tramp Ağ Evdə seçkilərin nəticələri ilə bağlı mətbuat konfransı keçirib.
“Mənimlə bu inanılmaz ara seçkilərdə müəyyən siyasi təşəbbüsləri və prinsipləri dəstəkləyərək işləyənlər çox yaxşı nəticələr əldə edib. Bunu etməyənlər sağollaşmalı olacaqlar. Qərəzli və düşmən medianın təzyiqləri altında dünənki gün belə Böyük Qələbəyə çevrildi”, Tramp Twitter səhifəsindəki mesajında yazıb.
Lakin mətbuat konfransı zamanı Tramp seçkinin nəticələrinə verdiyi qiymətləndirmə ilə əlaqədar olaraq jurnalistlərlə mübahisə edib. O bəzi respublikaçıların seçkilər zamanı Senatdakı demokratların yerləri uğrunda mübarizədə qələbəsini tarixi kimi qiymətləndirib.
Mənimlə bu inanılmaz ara seçkilərdə müəyyən siyasi təşəbbüsləri və prinsipləri dəstəkləyərək işləyənlər çox yaxşı nəticələr əldə edib.
“Tarix bizim onları finiş xəttinə gətirərək nə qədər yaxşı iş gördüyümüzü göstərəcək”-deyə Tramp bildirib. O, son həftə kampaniya apardığı 11 namizəddən 9-nun Senatdakı yerlər uğrunda yarışda qələbə qazandığını vurğulayıb.
Lakin ara seçkilərin nəticələri Trampın qanunvericilik təşəbbüslərinin təsdiqinə nail olmasını çətinləşdirəcək. Nümayəndələr Palatasındakı demokratlar Trampın biznes əməliyyatları və onun administrasiyasının yürütdüyü siyasətlə bağlı bir neçə təhqiata başlamağa söz veriblər.
Tramp mətbuat konfransında çıxışında demokratlarla qanunvericilik kompromislərinə gedəcəyini bildirib. Lakin o eyni zamanda deyib ki, demokratlar bir sıra təhqiqatlara başlasa, “mən bu oyunda onlardan daha yaxşıyam”.
Tramp çərşənbə axşamı seçkilərin ilkin nəticələri məlum olduqdan sonra Nümayəndələr Palatasında demokratların lideri Nensi Pelosiyə zəng edərək, onu təbrik edib. O deyib ki, demokratlar Pelosini yenidən palatanın spikeri seçməlidir. 78 yaşlı Nensi Pelosi demokratların Nümayəndələr Palatasında üstünlüyə malik olduğu 2007-ci ildən 2011-ci illər arasında ilk qadın spiker olub.
“Ədalət xatirinə, Nensi Pelosi demokratlar tərəfindən Nümayəndələr Palatasının spikeri seçilməyə layiqdir. Əgər onlar ona maneə yaratsalar, onda bəlkə ona bəzi respublikaçılar dəstək verəcək. O bu böyük şərəfə layiqdir!”, Tramp Twitter səhifəsində yazıb.