Accessibility links

Tramp büdcə xərclərinə dair qanun layihəsi və pandemiyaya yardım paketini imzaladı


Prezident Donald Tramp və birinci xanım Melaniya Tramp Florida ştatında Mar-a-Laqo kurortuna səfər etmək üçün Merilend ştatında Andrüs Hərbi Hava qüvvələrinin bazasında Air Force One təyyarəsinə minməzdən əvvəl, 23 dekabr 2020.
Prezident Donald Tramp və birinci xanım Melaniya Tramp Florida ştatında Mar-a-Laqo kurortuna səfər etmək üçün Merilend ştatında Andrüs Hərbi Hava qüvvələrinin bazasında Air Force One təyyarəsinə minməzdən əvvəl, 23 dekabr 2020.

ABŞ prezidenti Donald Tramp işsizlik müavinətləri və evdən çıxarılma üçün qoyulmuş moratoriumun müddətinin bazar günü gecə yarı bitməsinə bir neçə saat qalmış pandemiya ilə mübarizə üçün 900 milyard dollar yardım paketi də daxil olmaqla, 2.3 trilyon dollarlıq büdcə xərclərinə dair qanun layihəsinə imza atıb. Bununla hökumətin bağlanması riskinin qarşısı alınıb.

Prezident aylardır davam edən danışıqlar nəticəsində həm Nümayəndələr Palatası, həm də Senatın təsdiq etdiyi sənədi “biabırçılıq” adlandırmışıdı.

Sənəd Trampın onu imzalamaq qərarı verdiyi halda hazır olmaq üçün Vaşinqtondan Mar-a-Laqoya göndərilib.

“COVID yardım paketi ilə bağlı yaxşı xəbər var. Məlumatlar veriləcək!", Tramp bazar günü axşamı Twitter səhifəsində yazıb.

Prezidentin sənədə imza atmaması federal hökumətin qismən bağlanması ilə nəticələnə bilərdi.

Tramp bu həftənin əvvəli qanun layihəsini kəskin tənqid edib və şənbə günü ona etirazını davam etdirib.

“Mən sadəcə bizim gözəl insanlarımızın qanunvericilikdə olan 600 dollar deyil, 2000 dollar almasını istəyirəm.“ Tramp Twitter səhifəsində yazıb.

Trampın daha böyük ödəniş edilməsinə dəstəyi onun mənsub olduğu və Demokratların tələblərinə müqavimət göstərən Respublikaçılar partiyasının üzvlərinə qarşı narazılıq kimi qiymətləndirilir.

Hər iki partiyadan qanunvericilər prezidenti qanun layihəsini imzalamağa çağırıb. Həftə sonu bir qrup qanunverici Trampın ya yardım paketinə dair qanun layihəsini imzalamaq, ya da ona tamamilə veto qoymaq kimi seçim etməli olduğunu bildirib. Veto qoyulduğu halda, Konqres onu ləğv etməyə cəhd göstərə bilərdi.

Qanun layihəsinin imzalanmasından sonra da Konqres ənənəvi Milad tətilini dayandıraraq, bazar ertəsi günü işə qayıtmağı planlaşdırır.

Nümayəndələr Palatasının üzvləri bazar ertəsi günü Trampın ölkənin müdafiə proqramlarını maliyyələşdirən 740 milyard dollarlıq qanun layihəsinə qoyulan vetonun aradan qaldırılmasına səs verməlidir. Nümayəndələr Palatasında səsvermədən keçsə, Senat bununla bağlı çərşənbə axşamı səsvermə keçirə bilər. Prezidentin vetosunu aradan qaldırmaq üçün hər iki palatada üçdə iki səs çoxluğu tələb olunur.

Tramp müdafiə xərclərinə dair qanun layihəsini dəfələrlə tənqid edib və heç bir izahat vermədən onun Çinə fayda verdiyini iddia edib. O həmçinin Konfederasiya liderlərinin şərəfinə adlandırılan hərbi bazaların adlarının dəyişdirilməsinə çağıran müddəaların da çıxarılmasını tələb edib.

Tramp eləcə də sosial media şirkətlərinin istifadəçilər tərəfindən yerləşdirilən məzmuna görə məhkəməyə verilməsini asanlaşdıran müddəanın əlavə edilməsini tələb edib.

Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Trampın müdafiə xərclərinə dair qanun layihəsinə veto qoymasını təndiq edib.

ABŞ-ın yeni prezidenti seçilmiş Co Bayden
ABŞ-ın yeni prezidenti seçilmiş Co Bayden

Bundan öncə ABŞ-ın yeni prezidenti seçilən demokrat Co Bayden Trampı qanun layihəsini imzalamağa çağırıb.

“Məsuliyyətdən imtina etmənin dağıdıcı nəticələri olacaq...Bu qanun layihəsi son dərəcə vacibdir. O imzalanmalıdır”, bayram tətillərini doğma Delaver ştatında keçirən Bayden deyib.

XS
SM
MD
LG