Accessibility links

Tramp: Birləşmiş Ştatlar miqrant düşərgəsi olmayacaq


ABŞ prezidenti Donald Tramp Ağ Evdə vite-prezident Mayk Pensin də iştirak etdiyi tədbirdə nitq söyləyir, 18 iyun, 2018.

ABŞ prezidenti Donald Tramp ölkədə mühacirət böhranında demokratları günahlandırıb və deyib ki, "Birləşmiş Ştatlar miqrant düşərgəsi və qaçqınları saxlama məntəqəsi olmayacaq".

Trampın açıqlamaları onun administrasiyası ölkəyə qeyri-qanuni daxil olan miqrant valideynlərdən uşaqların zorla alınması kimi sərt mövqeyi ilə əlaqədar artan tənqidlərlə qarşılaşdığı bir vaxta təsadüf edir.

Bazar ertəsi bundan öncə daxili təhlükəsizlik naziri Kristyen Nilsen Tramp administrasiyasının məsələ ilə bağlı mövqeyini müdafiə edərək, miqrantları cəzalandırılacağına söz verib.

Administrasiyanın mesajı sadədir: sərhədi qeyri-qanuni keçsəniz, biz sizi cəzalandıracağıq.
Daxili təhlükəsizlik naziri Kristyen Nilsen

Siyasi mənsubiyyətdən asılı olmayaraq, ABŞ qanunvericiləri prezident Donald Tramp, daxili təhlükəsizlik naziri Nilsen və baş prokuror Jeff Seşşinsı ABŞ-Meksika sərhərində qeyri-qanuni miqrantların valideynlərinin uşaqlarının onlardan ayrılması siyasətini kəskin tənqid edir.

ABŞ rəsmiləri keçən həftə bildirib ki, Tramp administrasiyası sərhəddə ciddi mühafizə siyasəti həyata keçirdiyi zaman aprel ayının ortalarından mayın ayının sonuna qədər 2 min uşaq valideynlərindən ayrılıb.

"Administrasiyanın mesajı sadədir: sərhədi qeyri-qanuni keçsəniz, biz sizi cəzalandıracağıq. Əgər siz saxta immiqrasiya ifadəsi versəniz, biz sizi cəzalandıracağıq. Əgər siz bu olduqca təhlükəli yolda qeyri-qanuni olaraq insanları keçirmək istəsəniz, biz sizi cəzalandıracağıq", Kristyen Nilsen administrasiyanın siyasətini müdafiə edərək deyib.

Lakin həm respublikaçılar, həm də demokratlar arasında sərhəddə uşaqların valideynlərindən ayrılmasına etirazlar artır.

Bu etirazlar dalğasına nadir hallarda bəyanat verən birinci xanım Melaniya Tramp da qoşulub. Öz sözçüsü vasitəsilə yaydığı bəyanatda Melaniya Tramp bildirib ki, "uşaqların ailələrindən ayrıldığını görmək istəmir və Konqresdə hər iki siyasi partiyanın uğurlu mühacirət islahatı ilə bağlı bir araya gələ biləcəyinə ümid edir".

ABŞ-ın keçmiş birinci xanımı Lora Buş The Washington Post qəzetində dərc edilən baş məqalədə uşaqların valideynlərdən ayrılmasını "qəddar" və " mənəviyyatsız" hərəkət kimi qiymətləndirib və bunu "ürək ağrısı ilə" qarşıladığını bildirib.

XS
SM
MD
LG