Accessibility links

Tramp: `Biz Şimali Koreyanı nüvəsizləşdirəcəyik`


Çərşənbə günü Sinqapurda imzalanan razılıqda Şimali Koreya lideri Kim Conq Un Koreya yarımadasını nüvəsizləşdirilmə istiqamətində "qəti və davamlı öhdəliyini" bir daha təsdiqləyib. ABŞ prezidenti Donald Tramp isə Şimali Koreyanın təhlükəsizliyinin təmin edilməsinə dair öhdəliyini öz üzərinə götürüb.

İmzalanan sənəddə iki ölkənin Koreya yarımadasında davamlı sülhə nail olmaq istiqamətində əməkdaşlıq etməsinə, ABŞ-Şimali Koreya arasında yeni münasibətlərin yaradılmasına və müharibə məhbusları və hərbi üzvlərin azad edilməsinə çağırılır.

Tərəflər danışıqları davam etdirmək üçün təkrar görüşmək barədə də razılıq əldə edib.

“Biz Şimali Koreyanı nüvəsizləşdirəcəyik” deyə Tramp Amerikanın Səsi ilə əməkdaşlıq edən jurnalist Qreta Van Susterenlə müsahibədə bildirib.

Tramp həmçinin tərəflərin heç birinin ultimatumlarla çıxış etmədiyini və çərşənbə axşamı əldə edilən razılığın aylarla davam edən danışıqların nəticəsi olduğunu deyib.

“Bu, müharibə ilə nəticələnə bilərdi. Siz Şimali Koreyanı yaxşı tanıyırsınız. Bu məsələ milyonlarla insanın ölümü ilə nəticələnə bilərdi. Amma biz bunu razılıqla həll etdik”, deyə Tramp bildirib.

Tramp həmçinin Amerikanın Səsinə Cənubi Koreyada yerləşdirilmiş ABŞ hərbi qüvvələrinin orada qalacağını deyib, lakin Şimali Koreyanın uzun müddətdir nail olmaq istədiyi bir güzəşti elan edib.

“Biz külli miqdarda pul itkisinə səbəb olan müharibə oyununa son qoyacağıq”, deyə Tramp əlavə edib.

Daha sonra keçirilən mətbuat konfransinda Tramp deyib ki, hazırkı ABŞ sanksiyaları Şimali Koreya nüvə silahlarını aradan qaldırmayınca qüvvədə qalacaq.

Nüvəsizləşdirilmənin yoxlanılmasına gəldikdə, Tramp deyib ki, o və Kim məsələni müzakirə edib və bu səylərin çox sayda insanın nəzarəti altında olacaq. O həmçinin Kimin razılığın mümkün qədər qısa zamanda əldə edilməsi üçün dərhal işə başlayacağına inandığını deyib.

Razılığı imzaladıqdan sonra Tramp Şimali Koreya ilə ABŞ arasında münasibətlərin bundan sonra tam fərqli olacağını düşündüyünü deyib.

Tramp Kimi Ağ Evə dəvət edəcəyini və özünün də Pxenyana səfər etmək istədiyini deyib.

“Bu gün biz tarixi bir görüş keçiririk və biz keçmişi geridə qoymağa qərar verdik. Dünya böyük dəyişikliklər görəcək”, deyə tərcüməçi vasitəsi ilə danışan Kim Conq Un bildirib.

Tramp və Kim arasında Sinqapurda keçirilən zirvə görüşünün əsas məqsədi Koreya yarımadasını nüvəsizləşdirmək istiqamətində danışıqlar aparmaqdan ibarətdir.

Çərşənbə axşamı keçirilən bu görüş hakimiyyətdə olan ABŞ prezidenti ilə Şimali Koreya lideri arasında keçirilən ilk belə görüşdür.

XS
SM
MD
LG