ABŞ prezidenti Donald Tramp iyun ayında Britaniyaya rəsmi dövlət səfəri edəcək. O, səfər zamanı Kraliça II Elizabet və baş nazir Tereza Mey ilə görüşəcək.
Ağ Evin bəyanatında bildirilir ki, prezident və birinci xanım Melaniya Tramp Əlahəzrət Kraliça II Elizabetin iyunun 3-dən 5-dək Birləşmiş Krallığı ziyarət etmək təklifini qəbul edib. Bəyanatda bildirilib ki, bu səfər Birləşmiş Ştatlarla Britaniya arasındakı "davamlı və xüsusi münasibəti vurğulayacaq".
Tramp və xanımı Britaniyada olduqları zaman Portsmutda müttəfiq qüvvələrin Normandiyada desant çıxarma əməliyyatının 75-ci ildönümünü münasibətilə keçiriləcək mərasimdə iştirak edəcək. Normandiya əməliyyatı İkinci Dünya Müharibəsi zamanı mütəfiq qüvvələrin koalisiyasının nasistləri məğlub etməsinə gətirib çıxaran hərbi əməliyyat olub.
Bu mərasimdən sonra onlar iyunun altısında Fransada Normandiyaya səfər edəcək və orada da Normandiya əməliyyatının ildönümü münasibətilə keçirilən tədbirdə iştirak edəcək. Ağ Ev prezident Trampın səfər zamanı fransalı həmkarı Emmanuel Makronla görüşəcəyini bildirib.
1994-cü ilin iyun ayının 6-da müttəfiq qüvvələrin Normandiya sahillərinə havadan və sudan hərbi qüvvə çıxarması dünya tarixində ən böyük desant əməliyyatı oldu. Həmin günün sonuna qədər 4500 nəfər ölsə də, əməliyyat müttəfiq qüvvələrin Avropa boyu qələbə çalmasına gətirib çıxardı.