Accessibility links

Donald Tramp: Gənc mühacirləri müdafiə planı "çox güman ki, ölüb"


ABŞ prezidenti Donald Tramp deyib ki, gənc mühacirləri müdafiə planı "çox güman ki, ölüb". O, demokratların bu proqramı istəmədiklərini, bu haqda yalnız danışdıqlarını bildirib.

Valideynləri tərəfindən qanunsuz şəkildə ABŞ-a gətirilən 800 minə yaxın mühacirin müdafiəsi proqramı son zamanlar Vaşinqtonun siyasi diskussiyasına çevrilib. Məsələ Ağ Evlə Konqres arasında hökumətin maliyyələşdirməsinin uzadılması barədə debatların bir hissəsidir. Federal hökumətin maliyyələşdirilməsi cümə günü gecə başa çatır.

ABŞ prezidenti Donald Trampın ötən həftə konqresmenlərlə immiqrasiyaya həsr olunmuş görüşdə səsləndirdiyi bildirilən vulqar sözlər qalmaqal yaradıb, prezidenti sərt tənqid edirlər.

Yanvarın 11-də immiqrasiyaya dair təklif olunan sazişi rədd edən Tramp deyib ki, Haitidən və Afrikanın “çirkli dəliklərindən” daha çox adam Birləşmiş Ştatlara buraxılmalıdır. Bu barədə media Oval ofisdə keçirilən görüşdən xəbər tutmuş adamlara istinadla yazıb.

Görüşdə iki senator yüz minlərlə gənc immiqrantın deportasiyadan qorunması üçün hər iki partiyanın hazırladığı kompromis planın detallarını açıqlayıb. Planda sərhəd mühafizəsinin də gücləndirilməsi təklif olunur.

Tramp deyib ki, Birləşmiş Ştatlar Norveç kimi ölkələrdən daha çox mühacir qəbul etməlidir.

XS
SM
MD
LG