ABŞ-ın federal sahələr və təbii ehtiyatlarına nəzarət edən daxili işlər naziri Rayan Zinke bu ilin sonu vəzifəsindən gedəcək. Bu barədə prezident Donald Tramp şənbə günü Twitter hesabında yazıb.
Tramp Zinkenin vəzifədən getməsinin səbəbini izah etməyib. Lakin sabiq Dəniz Donanması üzvü və Montana ştatından keçmiş konqresmen özəl təyyarələrdən, təhlükəszilik xidmətlərindən istifadəsi və daşınmaz əmlak sazişlərinə görə bir neçə istintaqa cəlb olunub.
"Rayan vəzifə müddətində çox şey əldə edib və mən ona ölkəmizə verdiyi xidmətlərə görə təşəkkür etmək istəyirəm. Tramp administrasiyası gələn həftə yeni daxili işlər nazirini elan edəcək" – deyə, Tramp Twitter hesabında bildirib.
Zinker Amerikanın nəhəng ictimai torpaq sahələrinə nəzarət edən Daxili İşlər Departamentinə 2017-ci ildən bəri nəzarət edir. O, Trampın neft-qazma və kömür mədənlərini artırmaq gündəmini həyata keçirmək üçün federal torpaq sahələrini icarəyə verirdi.
51 yaşlı Zinke Trampın ən fəal kabinet üzvlərindən biri idi. O, Yuta ştatında milli abidə hesab edilən nəhəng meşəlik ərazilərin böyük bir hissəsini azaldıb və Şimal Buzlu, Sakit və Atlantik okeanlarda qazma işlərinin aparılmasını təklif edib. O, ABŞ-ın enerji və mədənçilik sahəsinin sevimlisinə, ətrah mühit qruplarının isə hədəfinə çevrilmişdi.
Tənqidçilər həmçinin Zinkenin etik davranış qaydalarını sual edib və onun bəzi addımları hökümətin onunla bağlı istintaq başlatmasına gətirib çıxarıb.
Senatın Demokrat lideri Çak Şumer Zinkenin vəzifədən getməsini alqışlayıb.
İyul ayında Daxili İşlər Departamentinin Baş Müfəttiş İdarəsi Zinkenin təsis etdiyi fondla Halliburton neft şirkətinin sədrinin dəstəklədiyi inkişaf qrupu arasında Montanada bir torpaq sahəsi üzərində əldə olunan razılığı təhqiq etməyə başlayıb.
Bəzi media orqanlarının verdiyi məlumata görə, ötən oktyabr ayında həmin istintaq ABŞ Ədliyyə Nazirliyinə yönəldilib.