Accessibility links

Tramp gözlənilmədən Əfqanıstana səfər edib


ABŞ prezidenti Donald Trump Şükran gününü Birləşmiş Ştatların hərbi qüvvələri ilə qeyd etmək üçün Əfqanıstana gözlənilmədən səfər edib.

Tramp ABŞ və Talibanın danışıqlar apardığını və Talibanın atəşkəs məsələsinə açıq olduğunu bildirib.

Tramp Baqram hərbi hava bazasına yerli vaxtla axşam saat 8:30-da yetişib və iki saat orada olub. Müxbirlərə prezidentin təhlükəsizliyinin təmin edilməsi məqsədilə səfərin gizli saxlanması haqda göstəriş verilib.

Səfər Trampın Kabildə Amerika əsgəri də daxil olmaqla, 12 nəfərin ölümülə nəticələnmiş bomba hücumunun ardınca Talibanla danışıqları qəfil dayandırmasından iki aydan çox vaxtın keçdiyi zaman edilib.

Trampın səfəri eyni zamanda, impiçment prosesinin davam etdiyi vaxt onun prezidentliyi üçün mürəkkəb bir dövrə təsadüf edir.

ABŞ prezidenti və birinci xanım Melaniya Tramp keçən il Milad bayramı zamanı İraqa - ilk dəfə olaraq münaqişə zonasına səfər etmişdi.

Vitse-prezident Mayk Pens də bu həftə İraqda ABŞ hərbi qüvvələrini ziyarət edib.

XS
SM
MD
LG