Accessibility links

Tramp hərbi qüvvələrin Suriyadan çıxarılması planını müdafiə edir


ABŞ hərbi qüvvələrinin hərbi maşınları Mənbic yaxınlığındakı bazaya qayıdır, 30 dekabr, 2018.
ABŞ hərbi qüvvələrinin hərbi maşınları Mənbic yaxınlığındakı bazaya qayıdır, 30 dekabr, 2018.

ABŞ prezidenti Donald Tramp Amerikanın 2000 nəfərdən ibarət əsgəri qüvvəsinin bütünlüklə Suriyadan çıxarılmasına dair qərarını müdafiə edərək, tənqidçiləri “xroniki şikayətçilər” adlandırıb.

Tramp Twitter sosial şəbəkəsində bununla bağlı bir neçə mesaj yazıb. “Donald Tramp deyil başqaları İŞİD-in mən prezident olanda qarışdırdığı Suriyada gördüyü işləri görsəydi, xalq qəhrəmanı olardı”, Tramp tivitində yazıb.

O bildirib ki, bir zamanlar Suriyanın şimalındakı Raqqa şəhərini xilafətin paytaxtı elan edən İslam Dövləti terrorçu qrupu Suriyadan demək olar çıxarılıb. “Və biz tədricən öz əsgərlərimizi ailələri ilə birlikdə olmaq üçün vətənə qaytarırıq, eyni zamanda da İŞİD-in qalıqlarına qarşı mübarizə aparırıq”, Tramp yazıb.

Trampın dekabrın 19-da gözlənilmədən cihadçı qrupun Suriyanın şimalından sıxışdırılıb çıxarılmasında mühüm rol oynayan və İŞİD-ə qarşı mübarizədə kürd qüvvələrinə dəstək göstərən ABŞ hərbi qüvvələrinin Suriyadan çıxarılması haqda qərarı ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə müşavirləri, respublikaçı və demokrat qanunvericilər tərəfindən böyük təəccüblə qarşılanıb.

ABŞ hərbi qüvvələrinin əsgərləri Mənbicdə, 7 noyabr, 2018.
ABŞ hərbi qüvvələrinin əsgərləri Mənbicdə, 7 noyabr, 2018.

Tənqidçilər bildirir ki, Trampın ABŞ hərbi qüvvələrinin Suriyadan çıxarılması qərarı İŞİD-in əməliyyatlarını bərpa etməsinə gətirib çıxara bilər. Onlar bu addımın Suriyada yeddi ildir davam edən müharibənin diplomatik həlli yolunun tapılmasını çətinləşdirə biləcəyini bildirir.

Təndiqçilərdən biri olan nüfuzlu senator Lindsi Qraham bazar günü ABŞ lideri ilə görüşüb və prezidentin İŞİD-in məğlub edilməsi işində qətiyyətli olduğunu deyib. Qrahamın bildirdiyinə görə, prezidentlə söhbətdən sonra o, Suriyada vəziyyətə nikbinliklə baxır. O qeyd edib ki, prezident Tramp İslam Dövləti qrupunun tam məğlub edilməsi və “ bu işi sona çatdırmaq” məsələsində tam qətiyyətlidir.

Bundan öncə senator prezident Trampı qərarını yenidən nəzərdən keçirməyə və əsgəri qüvvənin bir hissəsinin ölkədə saxlanmasına razı salmağa çalışacağını bildirmişdi. Qrahan Trampın 30 gün müddətində əsgəri qüvvənin çıxarılmasını planını ləngidə biləcəyini bildirsə də, Ağ Ev onun Trampla danışıqlarına dair açıqlama verməyib.

XS
SM
MD
LG