Accessibility links

ABŞ prezidenti Donald Tramp deyir ki, mühacirlərlə bağlı müzakirələrdə medianın yazdığı vulqar sözü işlətməyib.

“Görüşdə sərt danışmışam... amma belə dildə də yox”, – Tramp yanvarın 12-də Twitter-də yazıb.

BMT-nin insan haqları ofisi ABŞ prezidentinin Afrika və Haitidən mühacirlərlə bağlı dediklərini “irqçilik” adlandırıb.

BMT-nin insan haqları üzrə sözçüsü Rupert Kolvill deyib ki, bu sözlərə yalnız “irqçilik” demək olar.

“Bütöv ölkələri və qitələri “çirkli dəliklər”, onların sakinlərini isə ağdərili olmadıqlarına görə arzuolunmaz adlandıra bilməzsiniz”, - o, Cenevrədə jurnalistlərə deyib.

ABŞ prezidenti Donald Trampın konqresmenlərlə immiqrasiyaya həsr olunmuş görüşdə səsləndirdiyi bildirilən vulqar sözlər qalmaqal yaradıb, prezidenti sərt tənqid edirlər.

Yanvarın 11-də immiqrasiyaya dair təklif olunan sazişi rədd edən Trump deyib ki, Haitidən və Afrikanın “çirkli dəliklərindən” daha çox adam Birləşmiş Ştatlara buraxılmalıdır. Bu barədə media Oval ofisdə keçirilən görüşdən xəbər tutmuş adamlara istinadla yazıb.

“NORVEÇDƏN MÜHACİR QƏBUL EDƏK”

Görüşdə iki senator yüz minlərlə gənc immiqrantın deportasiyadan qorunması üçün hər iki partiyanın hazırladığı kompromis planın detallarını açıqlayıb. Planda sərhəd mühafizəsinin də gücləndirilməsi təklif olunur.

Tramp deyib ki, Birləşmiş Ştatlar Norveç kimi ölkələrdən daha çox mühacir qəbul etməlidir.

Ağ evin sözçüsü Raj Şah Trampın həmin sözü işlətdiyini təkzib etməyib. “Vaşinqtondakı bəzi siyasətçilər xarici ölkələr üçün vuruşmağı seçirlər, prezident Trump isə həmişə Amerika xalqından ötrü mübarizə aparacaq”, – Shah deyib.

Prezidentin dedikləri Konqresin demokrat və respublikaçı üzvlərinin tənqidinə səbəb olub.

Nümayəndələr Palatasının aparıcı demokrat üzvü Steni Hoyer Trump-ın sözlərini “irqçi və biabırçı” adlandırıb.

Palatanın respublikaçı üzvü, haitili miqrant ailədən olan Mia Lov prezidentin dediklərini “nəzakətsiz, bölücü, xudpəsənd” adlandırıb.

O, Trampın davranışının “ölkə başçısı üçün qəbuledilməz” olduğunu deyib, onu üzr istəməyə çağırıb.

Cənubi Afrikanın hakim Afrika Milli Konqresi Trampın dediklərini "təhqiramiz" adlandırıb.

Haiti ABŞ nümayəndəsini çağıraraq, prezidentin dediklərinə izahat tələb edib.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG