Accessibility links

Tramp hava nəqliyyatı idarəçiliyi sisteminin özəlləşdirilməsi planını açıqlayıb


ABŞ prezidenti Donald Tramp bazar ertəsi ölkənin hava nəqliyyatı idarəçiliyi sisteminin özəlləşdirilməsi planını açıqlayıb. O bu islahatlara hava nəqliyyatı sistemində bir sıra çatışmazlıqların aradan qaldırılması məqsədilə ehtiyac olduğunu bildirib.

Tramp deyib ki, Federal Aviasiya Administrasiyası (FAA) tərəfindən idarə edilən hava nəliyyatı sistemi on illər bundan əvvəl, indiki kimi təxminən bir milyarda yaxın sərnişin deyil, 180 min sərnişinə xidmət etmək üçün yaradılıb.

"Federal Aviasiya Administrasiyası bizim hava nəqliyyatı idarə sistemini uzun illərdən bəridir yeniləşdirməyə çalışır. Lakin vergi ödəyənlərin milyardlarla dolları sərf edildikdən və bir çox illərdən sonra biz köhnə, dağılmış, köhnəlmiş, işə yaramayan bir sistemin əlində qalmışıq. Bunlar nəzərə alınmasa, yaxşı sistemdir", Tramp bildirib.

O deyib ki, hava nəqliyyatı sisteminin qeyri-effektiv işi hər il 25 milyard dollara başa gəlir. Amerika prezidenti Konqresi sistemin idarə edilməsi üçün özəl, qeyri-kommersiya şirkəti yaratmağa çağırıb. ABŞ-ın hava nəqliyyatının idarə edilməsi sisteminin özəlləşdirilməsi fikri əvvəllər bəzi qanunvericilər tərəfindən müqavimətlə qarşılanıb.

Federal Aviasiya Administrasiyası bizim hava nəqliyyatı idarə sistemini uzun illərdən bəridir yeniləşdirməyə çalışır.
Donald Tramp

Trampın bügünkü açıqlaması Ağ Evin bildirdiyi kimi, qarşıdan gələn günlər ölkənin infrastrukturunun yaxşılaşdırılması məqsədilə nəzərdə tutulmuş tədbirlərin bir hissəsi olaraq verilib.

Bu həftə Trampın kənd təsərrüfatı məhsullarının daşınmasında mühüm rol oynayan bəndlər və şlüzlərin yaxşılaşdırılması məsələsini müzakirə etmək üçün Ohayo ştatına səfər edəcəyi gözlənilir.

Bununla yanaşı, Amerika prezidentinin bir sıra ştatların qubernatorları və Amerika şəhərlərinin merləri ilə onların planlarının müzakirə edilməsi üçün görüşü planlaşdırılıb.

Tramp həmçinin şosse və dəmir yollarına nəzarət sahəsində islahatları müzakirə etmək məqsədilə Nəqliyyat Departamentində görüş keçirəcək.

XS
SM
MD
LG