Accessibility links

Trampın hesabat məruzəsi təxirə salınıb


ABŞ prezidenti Donald Tramp deyir ki, onun illik hesabat məruzəsi Konqreslə hökümətin açılması üçün həll yolu tapandan sonra baş tutacaq.

Tramp çərşənbə günü məruzə üçün alternativ məkan axtarmadığını və yaxın gələcəkdə möhtəşəm hesabat məruzəsi ilə çıxış etməyi səbirsizliklə gözlədiyini söyləyib.

Bundan öncə Tramp növbəti çərşənbə axşamı hesabat məruzəsi ilə çıxış etməsi üçün onu Konqresə dəvət etmədiyinə görə Nümayəndələr Palatasının spikeri Nensi Pelosiyə qəzəblənib.

“Nensi Pelosi və ya mənim ona müraciət etdiyim kimi, Nensi həqiqəti eşitmək istəmir, ən əsası isə Amerika xalqının həqiqəti eşitməsini istəmir. Biz indi bildik ki, o, məruzəni təxirə salıb. Fikrimcə bu, bizim hamımızın sevdiyi inanılmaz ölkəyə ləkədir” , Donald Tramp söyləyib.

Pelosi isə deyib ki, Trampa höküməti açdığı təqdirdə Konqresdə çıxış etmək təklifi irəli sürülüb.

“Hökümət bağlıdır və mən ən başından ona hökümətin bağlandığı bildirmək üçün məktub yazanda da açıq şəkildə demişəm ki, 'gəl hər iki tərəfin razılaşacağı bir tarix müəyyən edək və ondan sonra hesabat məruzəsi üçün səni Kapitoliyə dəvət edə bilərik'. Amma hökümət bağlıdır və mən hələ də bu təklifi edirəm” - deyə, Nümayəndələr Palatasının spikeri Nensi Pelosi bildirib.

Tramp Pelosi və demokratların onun Meksika ilə sərhəddə divarın inşası üçün 5.7 milyard dollarlıq tələbini qəbul etmədiyi təqdirdə höküməti açmağı rədd edir.

Bu arada isə 800 min federal işçi artıq beş həftədir ya işləmir, ya da işləyir, amma maaş almır.

XS
SM
MD
LG