Accessibility links

Tramp: Hondurasdan yeni miqrant karvanı sərhəddə divara bəraət qazandırır


ABŞ prezidenti çərşənbə axşamı günü bildirib ki, Hondurasdan gələn yeni miqrant karvanı onların Birləşmiş Ştatlar daxil olmasının qarşısını almaq üçün onun ABŞ-Meksika sərhədində divarın inşası tələbinə bəraət qazandırır.

ABŞ prezidenti Konqresdə onun divarın inşası tələbinə etiraz edən başlıca demokrat liderlər olan Nümayəndələr Palatasının spikeri Nensi Pelozi və Senatda demokratların lideri Çak Şumerə müraciət edib.

“Hondurasdan bizim cənub sərhədimizə yeni karvan gəlir. Nensi və Çaka deyin ki, uçan dron onları dayandırmayacaq. Yalnız divar işləyəcək. Yalnız divar, polad sədd bizim ölkəmizi təhlükəsiz saxlayacaq! Siyasi oyunları bitirin və hökumətin bağlanmasına son qoyun” – deyə Tramp Twitter sosial şəbəkəsində yazdığı mesajında bildirib.

Birləşmiş Ştatlar hökumətinin qismən bağlanması nəticəsində yüz minlərlə federal hökümət işçisi hələ də işləmir, bir neçə yüz min digər işçi isə işləsə də, maaşlarını almır.

Nümayəndələr Palatasının spikeri Nensi Pelozi və Senatda demokratların lideri Çak Şumer
Nümayəndələr Palatasının spikeri Nensi Pelozi və Senatda demokratların lideri Çak Şumer

Ağ Ev respublikaçı və demokrat qanunvericilərin hökumətin bağlanmasını müzakirə etmək üçün dəvət edildiyini, lakin yalnız respubikaçıların dəvəti qəbul etdiyini bildirib. “Demokratların masa arxasına keçib razılığa gəlmələrinin vaxtıdır” – deyə Ağ Evin sözçüsü Sara Sanders bildirib.

Prezident Tramp qeyri-qanuni immiqrasiyanın qarşısını almaq üçün ABŞ-Meksika sərhədində divarın inşası məqsədilə büdcəyə 5 milyard dollar məbləğində vəsaitin daxil edilmədiyi təqdirdə büdcə planını təsdiq etməkdən imtina edir. ABŞ Konqresindəki demokratlar isə prezidentin bu tələbini rədd edərək, bunun qeyri-effektiv olacağını və baha başa gələcəyini bildirir.

Donald Tramp dekabrın 22-də federal hökumətin fəaliyyətini qismən dayandırmasından öncə hökümətin bağlanmasına görə məsuliyyəti öz üzərinə götürəcəyini bildirsə də, hazırda buna görə demokratları günahlandırır.

XS
SM
MD
LG