Accessibility links

Tramp: İran raketləri sınaqdan keçirə bilməz


Prezident Donald Tramp İranın xarici işlər nazirinin raket proqramı ilə bağlı danışıqlar aparmaq fikrinə cavab olaraq deyib ki, İran ABŞ-ın atom bombası istehsalı üçün istifadə olunacağını düşündüyü ballistik raketləri sınaqdan keçirə bilməz.

Çərşənbə axşamı Ağ Evdə kabinetinin iclası zamanı müxbirlərlə danışan Tramp deyib ki, o, İranın nüvə silahı inkişaf etdirməməli olduğunu düşünür və qeyd edib ki, “onlar ballistik raketləri sınaqdan keçirməməlidir, amma indiki razılığa əsasən, bunu edə bilərlər.”

İranın 2015-ci ildə dünya qüdrətləri ilə əldə etdiyi razılığı təsdiqləyən BMT-nin Təhlükəsizlik Şurasının qətnaməsi İranı nüvə başlıqları daşıya bilən raketləri sınaqdan keçirməməyə çağırıb. Nüvə razılığına əsasən Tehran Qərb qüdrətlərinin bomba istehsalı üçün istifadə olunacağından narahat olduqları nüvə proqramını məhdudlaşdırmaq müqabilində beynəlxalq sanksiyalardan azad olunurdu. Tehran uzun zamandır nüvə proqramının dinc mahiyyət daşıdığını və raketlərinin müdafiə məqsədi daşıdığını təkid edir.

Tramp ötən il ABŞ-ı razılıqdan geri çəkərək, İrana yumşaq mövqe tutulduğunu söyləyib və İranı bütün pis niyyətli davranışlarına son qoyacaq yeni razılıq imzalamağa vadar etmək məqsədilə Tehrana qarşı sanksiyaları sərtləşdirib.

Bazar ertəsi ABŞ-ın NBC News kanalına müsahibə verən İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib ki, ABŞ-ın İranın rəqibləri olan Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə silah satışı “regionu partlamağa hazır vəziyyətə” salır.

“Onlar bizim raketləri müzakirə etmək istəyirsə, ilk olaraq bütün bu silahların, o cümlədən raketlərin regiona satışına son qoymalıdır”, Zərif əlavə edib.

ABŞ dövlət katibi Mayk Pompeo isə Zərifin sözlərinə cavab olaraq deyib ki, “iranlılar ilk dəfə olaraq raket proqramlarını müzakirə etməyə hazır olduqlarını söyləyib.”

“Ümid edirəm ki, əgər biz strategiyamızı düzgün davam etdirsək, köhnə razılıqdan fərqli olaraq İranın nüvə silahı istehsal etməsinin qarşısını alacaq razılıq əldə edə bilərik”, Pompeo əlavə edib.

İranın BMT-dəki nümayəndəsinin sözçüsü Əlirza Miryusifi tvit ataraq Zərifin İranın raket proqramı ilə bağlı danışıqlara dair sözlərinin hipotetik olduğunu bildirib. “İran raketləri heç kimlə və heç bir ölkə ilə müzakirəyə açıq deyil” - deyə, o tvit atıb.

BMT-nin nüvə agentliyi İranın bu ayın əvvəli uranı razılıq altında müəyyən olunan 3.67 faizdən daha yüksək səviyyədə zənginləşdirməyə başladığını təsdiq edib. İran uranı 4.5 faiz səviyyədə zənginləşdirdiyini bildirib.

5 faizədək zənginləşdirilən uran nüvə elektrik stansiyaları üçün yanacaq istehsalında kifayətdir, lakin nüvə silahı istehsal etmək üçün lazım olan 90 faizlik təmizlikdən xeyli azdır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG