ABŞ prezidenti Donald Trampa qarşı impiçment iddiası qaldıran Nümayəndələr Palatasının Demokratları cümə axşamı məhkəmə iclasında diqqəti prezidentin onların sözlərinə görə, xarici hökümətdən siyasi üstünlük üçün yardım istəyərək vəzifədən sui-istifadə etməsinin hüquqi və konstitusion nəticələrinə yönəldir.
“Biz iddiamızı təqdim etdik. Cümə axşamı isə prezidentin səlahiyyətlərindən sui-istifadə etməsi ilə bağlı faktların qanuna uyğunluğunu yoxlayacağıq" - deyə, konqresmen Adam Şiff çərşənbə günü keçirilən məhkəmənin ilk günü bildirib.
Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinə rəhbərlik edən Demokrat Şiff ilk səkkiz saatlıq iclasda Trampa qarşı iddianın əsasını ortaya qoyan prokuror vəzifəsini icra edən Nümayəndələr Palatası menecerlərindən biri olub. Onlar cümə axşamı və cümə günü də iddialarını təqdim edəcəklər. Daha sonra isə Trampın vəkillərinə müdafiələrini təqdim etmələri üçün çox güman ki, şənbə günündən etibarən 24 saat veriləcək.
Demokratlar Trampı Ukrayna prezidenti Volodimir Zelenskiyə ictimai şəkildə sabiq vitse-prezident Co Baydenlə bağlı təhqiqatın aparılacağını açıqlaması və 2016-cı ildə Trampın kampaniyasına mane olmaq məqsədilə ABŞ prezident seçkilərinə Rusiyanın deyil, Ukraynanın müdaxilə etdiyinə dair nəzəriyyəni qəbul etməsi üçün təzyiq göstərməkdə ittiham edir.
Tramp Zelenski ilə telefon danışığı apardığı vaxt Rusiyapərəst separatistlərlə müharibə aparan Kyivə çatacaq $391 milyon dollarlıq hərbi yardımı müvəqqəti dayandırmışdı.
Tramp sonradan həmin vəsaitin Ukrayanya verilməsini təsdiqləmişdi ki, bir çox Respublikaçıların nəzərində bu, quid pro quo – yəni Baydenlər üzərində təhqiqat müqabilində Ukraynaya hərbi yardımın verilməsi barədə ittihamları heçə endirir.