Accessibility links

Tramp xəstəxananı qısa müddətə tərk edərək tərəfdarlarını salamlayıb


Bazar günü səhər Twitter səhifəsində həkimlərindən "əla xəbərlər aldığını" dediyi videonu paylaşmasından sonra ABŞ prezident Donald Tramp COVID-19-dan müalicə aldığı xəstəxananın qarşısında gözləyən tərəfdarlarına kiçik bir sürpriz vəd edib.

Daha sonra prezident gizli xidmət agentlərinin müşayiət etdiyi zirehli avtomobillə Uolter Rid Milli Hərbi Tibb Mərkəzindən çıxaraq, onu xəstəxananın xaricində əllərində bayraqlarla alqışlayan izdihamın qarşısından keçib.

"Prezident Trump xəstəxananın qarşısında gözləyən tərəfdarlarına əl etmək üçün kortejlə qısa bir gətintiyə çıxıb və yenidən Volter Rid xəstəxanasında prezident otağına qayıdıb"- deyə, Ağ Evin sözçüsü Cadd Dir şərhində bildirib.

Prezidenti müalicə edən həkimlər bazar günü erkən saatlarda oksigen səviyyəsində iki dəfə müvəqqəti olaraq azalmanın qeydə alındığını bildirmişdi.

Buna baxmayaraq "o özünü çox yaxşı hiss edir" - deyə, prezidenti koronavirusdan müalicə edən baş həkimi Şon Konli jurnalistlərə bildirib.

Konlinin rəhbərlik etdiyi qrup bazar günü keçirdiyi brifinq zamanı Ağ Evdə bundan əvvəl müxbirlərin suallarını cavablandırdıqları brifinqlə müqayisədə daha şəffaf olub.

Müxbirlərdən birinin cümə günü Ağ Evdə Trampa əlavə oksigen tələb olunub-olunmaması sualından nəyə görə qaçdığını soruşanda Konli komandasının nikbinliyini yüksək saxlamağa çalışdığını deyib.

Osteopat həkim və ABŞ Hərbi Dəniz Qüvvələrinin komandiri olan Konli xəstəliyin gedişatını başqa bir istiqamətə yönəldə biləcək hər hansı məlumat vermək istəmədiyini və "bununla da bizim nəyisə gizlətməyə çalışdığımız haqda fikir yarandığını və bunun doğru olmadığını" bildirib.

Ordu polkovniki və pulmonoloq Şon Doli bazar ertəsi jurnalistlərə prezidentin vəziyyətinin sabit olduğunu və xəstənin gəzdiyini, nəfəs darlığından şikayət etmədiyini və ya başqa bir tənəffüs simptomu olmadığını deyib.

Doktor Konlinin sözlərinə görə, Trampın Ağ Evdən xəstəxanaya köçürülməsinə səbəb cümə günü onun temperaturunun yüksək olması və əlavə oksigenə ehtiyac olması bağlı olub.

XS
SM
MD
LG