Accessibility links

Tramp Müstəqillik Günündə parad əvəzinə xüsusi tədbir planlaşdırır


ABŞ prezidenti Donald Tramp 4 İyul Müstəqillik Günündə keçən il ləğv edilmiş hərbi parad əvəzinə, “Amerikaya Salyut” adlı tədbir keçirməyi planlaşdırdığını bildirib.

“Tarixi qaçırmayın! Biz Vaşinqtonda 4 İyulda tarixdə ən böyük toplantınlardan birini keçirəcəyik. Tədbirin adı “Amerikaya Salyut” olacaq və o, Linkoln abidəsində keçiriləcək. Böyük atəşfəşanlıq, əyləncə və sizin sevimli prezident, mənim tərəfimdən müraciət olacaq!”, Tramp Twitter sosial şəbəkəsində yazdığı mesajında bildirib.

ABŞ-ın Müstəqillik Günündə minlərlə insan paytaxt Vaşinqtondakı mərkəzi xiyabanda toplaşır, Kapitoli binası qarşısındakı meydançada konserti dinləyir və atəşfəşanlığı izləyir.

Trampın bildirdiyinə görə, bu il təntənələr xiyabanın Linkoln memorialının yerləşdiyi hissəsində keçiriləcək.

ABŞ prezidenti Fransada Bastiliya Günü münasibətilə keçirilən paraddan ilhamlanaraq, paytaxt Vaşinqtonun Pensilvaniya küçəsində noyabrın 11-i 2018-ci ildə Birinci Dünya Müharibəsinin bitməsinin 100 illiyinə təsadüf edən Veteranlar Günü münasibətilə paradın keçirilməsinə çağırmışdı.

Lakin Müdafiə nazirliyi rəsmilərinin Vaşinqtona əsgəri qüvvə və hərbi texnikanın gətirilməsinin 92 milyon dollara başa gələ biləcəyini bildirməsindən sonra paradla bağlı planlar təxirə salınmışdı.

Vaşinqtonun yerli rəsmiləri də hərbi tankların yürüşünün paytaxt küçələrini yararsız hala sala biləcəyi ilə bağlı narahatlıqlarını ifadə etmişdi.

Bu ayın əvvəli Tramp müxbirlərə parad keçirmək ideyasını yenidən nəzərdən keçirdiyini deyib, lakin dərhal bunun parad deyil, xüsusi tədbir olacağını bildirib. 4 İyul günü münasibətilə tədbirdə hərbi qüvvələrin iştirakı barədə bir söz deyilməyib.

XS
SM
MD
LG