Accessibility links

Tramp müttəfiqlərinin müdafiə məsrəflərini artıqması vədlərini qələbə kimi qiymətləndirir


ABŞ prezidenti Donald Tramp tənqidlərindən sonra NATO-nun digər üzvləri müdafiə xərclərin artırmağa razılaşdığını bildirib.

Tramp iyulun 12-də keçirilən fövqəladə iclasdan sonra danışıb. Onun sözlərinə görə, NATO-nun bir neçə üzvü ümumdaxili məhsulun 2 faizini müdafiəyə xərcləmək öhdəliyini tezliklə yerinə yetirməyə razılaşıb.

Prezident deyib ki, NATO müttəfiqləri müdafiəyə əlavə olaraq 33 milyard dollar xərcləyəcək.

Brüsseldən Londona yola düşməzdən əvvəl prezident deyib ki, fövqəladə toplantının nəticəsi olaraq, NATO “daha artıq birləşib, daha güclüdür, problem yoxdur”.

Londonda onun baş nazir Tereza Mey və kraliça Yelizaveta ilə görüşü planlaşdırılır.

Almaniya kansleri Angela Merkel 12 iyul iclasına qatılan hər kəsin “NATO-ya aydın sədaqət” sərgilədiyini vurğulayıb.

Fransa prezidenti Emmanuel Makron bildirib ki, NATO liderləri dəyişən təhlükəsizlik şəraitini nəzərə alaraq daha artıq əməkdaşlıq etməyə razılaşıblar.

Bu arada Trampın NATO üzvləri müdafiə xərclərini artırmazsa, Birləşmiş Ştatların NATO-dan çıxacağı ilə hədələdiyi barədə məlumat yayılıb. Amma Litva prezidenti Dalia Qrıbauskaite bu məlumatları təkzib edib.

Tramp fövqəladə iclasdan sonra deyib ki, ABŞ qanunvericiliyinin təsdiqi olmadan ölkəni NATO-dan “yəqin ki, çıxara bilər”, amma indi belə bir addım “gərəksizdir”, çünki alyans üzvləri müdafiə xərclərini artırmağı “əvvəllər etmədikləri bir şəkildə sürətləndiriblər”.

XS
SM
MD
LG