Accessibility links

Donald Tramp ABŞ qoşunlarını Suriyadan çıxarmaq fikrində qətidir


Ağ Ev bildirib ki, prezident Donald Tramp ABŞ qoşunlarını Suriyadan çıxarmaq fikrində qətiyyətlidir. Bu məlumat Fransa prezidenti Emmanuel Makronun Trampın ABŞ qoşunlarını Suriyada saxlamağa inandırdığını deməsindən sonra verilib.

“ABŞ-ın missiyası dəyişməyib. Prezident ABŞ qüvvələrinin mümkün qədər tez zamanda evlərinə dönmələrini istədiyini deyərkən fikrini aydın ifadə etmişdir” – deyə Ağ Ev mətbuat katibi Sara Hakabi Sanders bəyanatında bildirib. O, əlavə edib ki, ABŞ İŞİD qrupunu tamamilə məhv etməyə və onun bir daha yaranmasının qarşısını almağa çalışacaq.

Makron Fransa Suriyada kimyəvi silah yerləşən ərazilərə hava hücumları həyata keçirən ABŞ və Britaniyaya qoşulduqdan iki gün sonra, bazar günü səhər Fransanın BFM televiziya kanalında çıxış edib.

“On gün əvvəl prezident Tramp ABŞ-ın Suriyadan çıxmalı olduğunu deyirdi. Biz onu əmin etdik ki, orada qalmaq lazımdır. Biz onu inandırdıq ki, Suriyada daha uzun müddət qalmalıyıq. Biz həmçinin onu kimyəvi silahların olduğu yerlərə hava hücumlarını məhdudlaşdırmağa inandırdıq” - deyə, Fransa prezidenti Emmanuel Makron bildirib.

Fransa lideri deyib ki, Suriya hökumət qüvvələrinin Duma şəhərində zəhərli qazdan istifadə etdiyinə dair dəlillər var və beynəlxalq ictimayyətin etibarını qoruyub saxlamaq üçün hava hücumları zəruri idi.

Makron BFM kanalına Fransanın Suriya prezidenti Bəşar Əsədə qarşı müharibə elan etmədiyini bildirib. Lakin o deyib ki, Əsədin öz vətəndaşlarına qarşı zəhərli qazdan istifadə etməsi cəzasız qalmayacaq.

XS
SM
MD
LG