ABŞ prezidenti Britaniyanın baş naziri ilə görüşdən sonra Britaniya qəzetinə vediyi müsahibənin mətnini “yalan xəbər” adlandırıb.
Donald Tramp Britaniya ilə münasibətin “çox, çox güclü” olduğunu deyib. Bundan öncə o, baş nazir Tereza Meyin Avropa İttifaqından çıxmaq strategiyasını açıq şəkildə tənqid etmişdi.
Lakin mətbuat konfransında ABŞ dövlət başçısı Meyi tənqid etmədiyini bildirib. O deyib ki, mənim baş nazirə böyük hörmətim var.
“Təssüflər olsun ki, tamamilə gözəl bir hekayə yazmışlar, amma baş nazir haqqında dediklərimi oraya əlavə etməmişlər, Onunla bağlı çox gözəl şeylər demişdim”- deyə prezident əlavə edib.
“The Sun” qəzetində dərc olunmuş müsahibəsində Tramp deyib ki, Meyin planı Birləşmiş Ştatlarla istənilən ticarət sazişini “yəqin, məhv edəcək”.
Amma baş nazirin iqamətgahındakı çıxışında Tramp deyib ki, bu səfəri zamanı Mey ilə “indiyədək ən yaxşı münasibətləri qurublar”.
“The Sun”a müsahibəsində Tramp Londonun meri Sadiq Xanı şəhər üzərinə hücumlara görə ittiham edərək deyib ki, immiqrasiya ucbatından Avropa “mədəniyyətini itirməkdədir”.
Lakin mətbuat konfransı zamanı Tramp tonunu yumşaldaraq Terezadan yalnız ticarət əlaqələrinin davam etdirilməsini istədiyini deyib. O bildirib ki, Birləşmiş Krallıq ABŞ-la ABŞ isə Birləşmiş Krallıqla ticarət etmək istəyir.
Mey isə deyib ki, Britaniyanın Avropa İttifaqından çıxması Amerika və ya digər ölkələrlə ticari əlaqələrin kəsilməsi demək deyil.
Liderlər görüş zamanı Yaxın Şərq də daxil edlməklə, bir sıra qlobal məsələləri gündəmə gətirib.
Bu gün Britaniyada bir sıra etiraz aksiyaları keçirilib. Londonda üzərində Trampın bez geyindirilmiş acıqlı uşaq kimi təsviri olan nəhəng şar qaldırılıb.