ABŞ prezidenti deyib ki, Rusiyanın keçən ilin seçkisinə müdaxiləsini və Trampın yaxın çevrəsinin Rusiya ilə mümkün sövdələşməsini araşdıran xüsusi prokuror Robert Müllerə ifadə verməsinin lazım gələcəyini düşünmür.
Yanvarın 10-da Norveç baş naziri Erna Solberqlə birgə keçirdiyi mətbuat konfransında Tramp Rusiya ilə onun seçki kampaniyası arasında “heç bir sövdələşmə olmadığına” dair bəyanatını bir daha təkrar edib.
Buna görə də onun dediyinə görə, “ifadə verməyə hətta ehtiyac qalmaya da bilər”.
Trampın bu qeydlərindən əvvəl ABŞ mediası xəbər verirdi ki, Müller Ağ Evi, ola bilsin ki, Trampı dindirmək istəyəcəyi barədə xəbərdar edib.
Bu məsələ ilə yaxından tanış mənbələrə istinad edən media yanvarın 9-da yazıb ki, Müllerin istintaq komandası son müzakirələr zamanı Trampın vəkillərinə belə bir dindirməyə tezliklə ehtiyac olacağını bildirib, lakin bu görüş üçün dəqiq tarix bildirilməyib.
ABŞ kəşfiyyat agentlikləri Rusiyanın Trampın qələbəsinə kömək etmək məqsədilə 2016-cı il seçkisinə müdaxilə etdiyini bildirib.