Accessibility links

Tramp Ağ Evdə Nazarbayevi qəbul edib


ABŞ prezidenti Donald Tramp və Qazaxıstan prezidenti Nursultan Nazarbayev Ağ Evdə görüş zamanı
ABŞ prezidenti Donald Tramp və Qazaxıstan prezidenti Nursultan Nazarbayev Ağ Evdə görüş zamanı

ABŞ prezidenti Donald Tramp Ağ Evdə Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə görüşüb.

Danışıqlardan öncə Tramp ABŞ və Qazaxıstan arasında münasibətlərə yüksək qiymət verib. Amerika lideri həmçinin iki ölkə arasında iqtisadi münasibətlərin əhəmiyyətini vurğulayıb.

“Bizim iqtisadi sahədə münasibətlərimiz yüksək səviyyədədir. Bir çox məhsullar bizim ölkəmizdə alınır”, Tramp bildirib.

ABŞ prezidenti ikitərəfli əməkdaşlıq nəticəsində iş yerlərinin yaradılmasından danışıraq, General Electric və Boeing şirkətlərini qeyd edib.

“Qazaxıstan uğurla fəaliyyət göstərir, onlar işə təkan veriblər. Qazaxıstan bir sıra ölkələrlə müqayisədə böyük üstünlüklərə malikdir. Açığı, onların çətin vəziyyətləri olur, lakin prezident böyük hörmətə malikdir, o, böyük işlər görür”, Tramp bildirib.

Birgə mətbuat konfransında Nursultan Nazarbayev Birləşmiş Ştatların Qazaxıstanı müstəqil dövlət kimi tanımasının əhəmiyyətini xatırladıb. O, ABŞ-ın Mərkəzi Asiya regionunda rolunu xüsusi qeyd edib, Birləşmiş Ştatların terrorizmə qarşı mübarizədə səyləri və Əfqanıstanda sabitliyin bərpasında rolunu vurğulayıb.

Nazarbayev Şimali Koreya probleminin həlli məsələsinə də toxunub. O, Qazaxıstanın Semipalatinskdə nüvə poliqonunu bağlamasını xatırladaraq, Pxenyanın nüvə ambisiyalarının həllinin vacibliyini qeyd edib.

Nursultan Nazarbayev ikitərəfli iqtisadi əlaqələrdən danışaraq, Qazaxıstanın Amerika şirkətləri ilə 7.5 milyard dollar həcmində müqavilələr imzalayacağını bildirib.

Qazaxıstan prezidenti Birləşmiş Ştatlar vətəndaşları üçün vizasız rejimin tətbiq edildiyini xatırladıb.

Nursultan Nazarbayev həmçinin Donald Trampı prezidentliyinin ildönümü münasibəti və uğurlu vergi islahatı ilə təbrik edib.

Görüşdən öncə Ağ Evin açıqladığı bəyanatda tərəflər arasında danışıqların diqqət mərkəzində regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq sahələrində strateji tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsi məsələsinin olacağı bildirilib.

Müzakirələrin diqqət mərkəzində Qazaxıstanın BMT-nin Təhlükəsizlik Şurasında 2018-ci ilin yanvarın ayından sədrliyi ilə Əfqanıstanda və dünyanın başqa yerlərində münaqişələrin nizamlanması, eləcə də Amerika və Qazaxıstan arasında nüvə silhlarının yayılmaması sahəsində tərəfdaşlıq məsələləri olub.

XS
SM
MD
LG