Accessibility links

Roma Papasından Trampa mesaj: Körpü deyil, divar tikən bir adam xristian ola bilməz


Roma Papası deyib ki, ABŞ prezidentliyinə respublikaçı namizəd Donald Trampı mühacirlərlə bağlı mövqeyinə görə xristian adlandırmaq olmaz. Tramp isə etiqadının şübhə altına alınmasını rüsvayçılıq kimi qiymətləndirib.

Mübahisələrə yad olmayan Tramp prezident seçildiyi təqdirdə ABŞ ilə Meksika sərhədlərinə divar çəkdirməklə, qeyri-qanuni mühacirətin qarşısını alacağına vəd verib.

Roma Papası müxbirlərə bildirib ki, körpü deyil, divar tikən bir adam xristian ola bilməz.

Papa Fransisin bəyanatına dərhal cavab verən Tramp deyilənləri “rüsvayçı” adlandırıb.

"Heç bir lider, ələlxüsus da dini lider başqa adamın dinini yaxud etiqadını sual altına almamalıdır," deyən Tramp əlavə edib ki, papanın hazırda səfərdə olduğu Meksikada rəsmilər onun əleyhinə müxtəlif növ bəyanatlar səsləndiriblər.

“İŞİD nə vaxtsa Vatikana hücum etsə - və hamının bildiyi kimi bu İŞİD-in ən ümdə məqsədlərindən biridir - papa dua edərdi ki, Donald Tramp prezident olsun,” deyə Respublikaçı prezidentliyə iddialı bildirib.

İŞİD nə vaxtsa Vatikana hücum etsə - və hamının bildiyi kimi bu İŞİD-in ən ümdə məqsədlərindən biridir - papa dua edərdi ki, Donald Tramp prezident olsun.
Donald Tramp, ABŞ prezidentliyinə Respublikaçı iddialı

Vatikanın dini rəhbəri Amerika katoliklərinə Trampa səs verib-verməməyi söyləməyəcəyini deyib. Roma Papasının seçkilərə nə dərəcədə təsir edəcəyini noyabr yarışları göstərəcək.

Papa Meksikaya getməzdən öncə Tramp onu siyasi baxımdan "sadəlövh" adlandıraraq papanın ABŞ-Meksika sərhədindəki təhlükədən bixəbər olduğunu bildirmişdi.

Rəy sorğularına görə, Trampa digər Respublikaçılardan çox Respublikaçı katoliklər dəstək verir.

ABŞ əhalisinin 21 faizi katolik olmaqla, 71 faizini xristianlar təşkil edir.

XS
SM
MD
LG