Accessibility links

Tramp qəzetdə 1 milyard dollardan çox pul itirdiyinə dair çıxan xəbəri tənqid edib


ABŞ prezidenti Donald Tramp

ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı onun 1985-1994-cü illər arasında Nyu Yorkda daşınmaz əmlak maqnatı ikən 1 milyard dollar pul itirdiyinə dair xəbərin əhəmiyyətini kiçildib.

Twitter hesabında atdığı iki ayrı tvitdə prezident New York Times qəzetində çıxan xəbəri “çox köhnə məlumat...olduqca qeyri-dəqiq Saxta Xəbər qaralaması” adlandırıb amma sual edilən 10 ildən səkkizində federal gəlir vergisi ödəməkdən yayındığına etiraz etməyib.

Tramp 2016-cı ildə prezidentliyə namizəd ikən və vəzifəsinin icrasına başlayandan bəri özünü dəfələrlə milyardlarla dollar dəyərində sərvəti olan müvəffəq sahibkar kimi qələmə verib. Lakin son qırx ildəki ABŞ prezidentlərindən fərqli olaraq o, könüllü şəkildə şəxsi federal gəlir vergisini açıqlamağı rədd edib.

O, Tramp: razılaşma incəsənəti adlı bestseller kitabını yazıb, lakin qəzet onun otuz il öncə əldə etdiyi maliyyə razılaşmalarını “pul itirmək incəsənəti” adlandırıb.

New York Times bildirib ki, sual edilən 10 illik müddətdə Tramp ildən-ilə hər hansı başqa amerikalı vergiödəyicisi ilə müqayisədə daha çox pul itirib. Qəzet xəbərdə onun vergilərini açıqlamasa da, bunun əvəzinə sənədlərə çıxışı olan başqa bir insanın verdiyi məlumatlardan istifadə edib.

Trampın həmin dövrdəki itkilərinin çoxu bizneslərinin əsasını təşkil edən otellər, kazinolar və yaşayış binalarında olan pərakəndə satış məkanlarından əldə etdiyi gəlirlərdən olub.

Bundan əlavə o, hava yolları şirkəti, peşəkar futbol komandasına uğursuz investisiyalar nəticəsində də pul itirib.

New York Times-ın verdiyi məlumata görə, Tramp bu illər ərzində Tramp imperiyasına investisiya qoyan sərmayedarlar və banklardan gələn pullar hesabına lüks həyat sürüb. Tramp həmçinin atasının sərvətinə arxalanıb.

Lakin belə görünür Tramp heç bir federal qanunu pozmayıb, çünki ABŞ-ın vergi qanunları insanlara əhəmiyyətli biznes itkilərini gəlirlərindən çıxaraq, vergi borclarını xeyli azaltmağa icazə verir.

Prezidentin vəkillərindən Çarls Harder qəzetə bildirib ki, onların istifadə etdiyi verg məlumatları “açıq-aşkar səhvdir”.

Nümayəndələr Palatasındakı demokrat qanunvericilər prezidentin xarici biznes müqavilələri ilə bağlı təhqiqatı çərçivəsində 2013-2018-ci illər arasındakə gəlir vergisi səndələrini ələ keçirmək istəyir.

XS
SM
MD
LG