Accessibility links

Tramp: Rusiya hərbi personalını Venesueladan çıxarır


ABŞ prezidenti Donald Trampın bazar ertəsi bildirdiyinə görə, Rusiya Birləşmiş Ştatları hərbi personalını Venesueladan çıxardığı haqda məlumatlandırıb.

Hazırda Britaniyada dövlət səfərində olan prezident Tramp Rusiyanın hərbi personalını çıxarması haqda Twitter sosial şəbəkəsində mesajında yazıb.

Moskvanın bu addımı Venesuelanın sosialist prezidenti Nikolas Maduro üçün böyük geriləmə kimi qiymətləndirilir. Maduronun Rusiya və Çinin dəstəyi ilə hakimiyyətdə qala bilməsinə baxmayaraq, Birləşmiş Ştatlar da daxil olmaqla dünyanın 50-dən çox ölkəsi Milli Asssambleyanın prezidenti Xuan Quaydonu Venesuelanın legitim lideri kimi tanıyıb.

Rusiyanın Venesuelada hərbi qüvvələrinə təlim və silah müqavilələləri ilə bağlı məsləhət verən müdafiə kontrakt şirkəti Rostek Venesuelada personalının sayını Moskva və Karakas arasında əməkdaşlığın yüksək səviyyədə olduğu zaman min nəfərdən kəskin şəkildə azaldıb. Bu haqda Wall Street Journal qəzeti Rusiya müdafiə nazirliyində adının açıqlanmadığı mənbəyə istinadən məlumat verib.

Qəzetin yazdığına görə, Rostek-in bir neçə ay ərzində personalını Venesueladan çıxarması yeni müqavilələrin olmaması və böhran içində olan Maduro hökumətinin kontraktları ödəmək üçün kifayət qədər maliyyəyə malik olmaması ilə əlaqədardır.

ABŞ rəsmiləri bir ay bundan öncə minlərlə insanın Karakas küçələrində hökumət etiraz edərək nümayişlərə çıxdığı zaman Maduro hökumətinin devrilməsinin labüd olduğu haqda ictimaiyyət qarşısında açıq fikir söyləyirdilər. Lakin kiçik bir qrupun Quaydo tərəfinə keçməsi istisna olmaqla Maduroya hərbi qüvvələrin dəstəyi güclü olaraq qalırdı. Maduronun hakimiyyətdə qala bilməsi məhz bu hərbi dəstək nəticəsində mümkün olmuşdu.

XS
SM
MD
LG