Accessibility links

Tramp sosial mediaya nəzarətlə bağlı sərəncam imzalayıb


ABŞ Prezidenti Donald Tramp cümə axşamı sosial media platformalarına "nəzarətin gücləndirilməsinə" dair sərəncam imzaladığını deyib. Lakin təhlilçilər sərəncamın qanuniliyini şübhə altına alır və onun məhkəmə tərəfindən təsdiq olunacağını güman etmir.

Prezident addımın "Amerika xalqının azad söz hüququnun qorunması və dəstəkləməsi" məqsədi daşıdığını deyib.

"Sosial media şirkətləri hazırda qalxana malikdirlər. Lakin bu sərəncamdan sonra onların qalxanı olmayacaq," Tramp Oval Ofisdə jurnalistlərə bildirib.

Biz bunun davam etməsinə imkan verə bilmərik. Bu, çox böyük ədalətsizlikdir.
Donald Tramp, ABŞ Prezidenti

Twitter cümə axşamı belə bir bəyanat yayıb: “Bu, mühüm qanuna qarşı mürtəce məramlı və siyasiləşmiş bir yanaşmadır. Bu, birtərəfli qaydada qanunu zəiflədərək onlayn söz və İnternet azadlığının gələcəyinə təhdiddir.“

Sərəncam Federal Rabitə Komissiyasından "Kommunikasiya Dürüstlüyü Aktı"-nın bir maddəsini aydınlaşdırmağı tələb edir. Həmin maddə onlayn şirkətləri istifadəçilərin yazdıqlarına görə hüquqi məsuliyyətdən azad edir. Sərəncam habelə Ağ Ev Digital Strategiya Ofisinə onlayn senzura ilə bağlı şikayətlərin araşdırılmasını gücləndirməyi və həmin şikayətləri Federal Ticarət Komissiyasına və Ədalət Departamentinə yönəltmək barədə göstəriş verir.

Prezident Oval ofisindəki brifinq zamanı sosial media şirkətlərini monopolist kimi təsvir edərək onların qəzet və telekanallardan daha nüfuzlu hala gədiyini deyib.

"Biz bunun davam etməsinə imkan verə bilmərik. Bu, çox böyük ədalətsizlikdir," Tramp bildirib.

Prezidentin qəzəbi əsasən bu həftənin əvvəlində onun yazdığı iki mesajı fakt yoxlanışından keçirən və bu barədə xəbərdarlıq qoyan Twitterə yönəlib.

Twitter barədə danışan Tramp "Qanuni olaraq onu bağlamaq mümkün olsaydı, mən bunu edərdim" deyib.

Prezidentin sözlərinə görə, Twitter, Google, Facebook və digər platformalar arbitrar şəkildə istədikləri postları araşdırır, digərlərini isə "siyasi fəallıq" nümunəsi olaraq qulaqardına vurmağa qərar verir.

"Əminəm ki, onlar məhkəməyə verəcək," Tramp bildirib.

Cümə günü səhər Twitter Trampın Minneapolisdəki etirazlar barədəki mesajlarına xəbərdarlıq qoyub. Tramp həmin tvitində etirazçıları zorakılıqları şərəfləndirməkdə ittiham edib, onları "qoluzorlu" adlandırıb. O, şəhərdə qarətlər davam edərsə, buna güllə ilə cavab veriləcəyini yazıb.

ABŞ-ın şimal-mərkəz şəhərində etirazlar ağdərili polis zabitinin zor tətbiq etməsi nəticəsində afro-amerikalı şəxsin ölməsindən sonra vüsət alıb.

Müxbirlərdən biri Prezident Trampdan niyə sadəcə Tvitter hesabını silmədiyinin səbəbini soruşub. "Əgər siz saxta olmasaydınız," Trump mətbuat yetkilisinə deyib, "əgər bu ölkədə ədalətli mətbuat olsaydı, bunu göz qırpımında edərdim."

XS
SM
MD
LG