Accessibility links

Tramp sərhəddə divarın inşası tələbindən geri çəkilmir


ABŞ prezidenti Donald Tramp Meksika ilə sərhəddə vergi ödəyənlərin hesabına divarın inşası tələbindən geri çəkiləcəyinə işarə etməyərək, onun tərəfindən heç bir güzəştin olmayacağını deyib.

“Biz divar, sədd inşa etməliyik. Bu, poladdan da ola bilər” – deyə Tramp Merilend ştatındakı Kemp Deyvid iqamətgahına yola düşməzdən əvvəl Ağ Evdə müxbirlərə bildirib.

ABŞ prezidenti Kemp Deyvid iqamətgahında sərhəd təhlükəsizliyi və bu il qarşıda duran bir sıra digər məsələləri yüksək səviyyəli müşavirləri ilə müzakirə edəcək.

Tramp müxalif demokrat qanunvericilərlə sərhəddə divarın inşası üçün 5 milyard dollardan çox vəsaitin ayrılması məsələsi ətrafında mübahisə aparır. Bunun nəticəsində ABŞ-ın federal hökumətinin dörddə bir hissəsi qismən bağlanaraq, 16 gündür fəaliyyətini dayandırıb. Bu, ABŞ tarixində hökumətin bağlı qaldığı ən uzun müddətlərdən biridir.

ABŞ- Meksika sərhədi
ABŞ- Meksika sərhədi

“Hökumətin bağlanması sabah da sona çata bilər, ya da bundan da çox davam də bilər” deyən Tramp qeyd edib ki, onun divarın inşasının maliyyələşdirilməsi tələbini rədd edən demokratlar əvvəllər ABŞ-Meksika sərhədində sədlərin qurulmasına səs veriblər.

“Demokratlar razıdır: sərhəddə təhlükəsizlik lazımdır” – deyə, Tramp bildirib.

Ağ ev rəsmiləri və Konqres nümayəndələri hökumətin qismən bağlanmasına son qoyulması yollarını müzakirə etmək üçün bazar günü yenidən görüşməlidir. Hökumətin qismən fəaliyyətini dayandırması yüz minlərlə federal işçiyə təsir göstərir.

Müxbirlərlə Ağ Evdə danışan Tramp növbəti günlərdə müzakirələrdən razı qalmasa, təcili vəziyyət elan edə biləcəyi və Konqresin razılığı olmadan divarın inşası üçün hərbi qüvvələrin tikinti layihələri üçün ayrılmış vəsaitindən istifadə edə bilməsi ilə bağlı təhdidlərini bir daha dilə gətirib.

XS
SM
MD
LG