Accessibility links

Tramp: Sərhədin pozulması hökumətin bağlanmasından daha zərərlidir


ABŞ prezidenti Donald Tramp bildirib ki, Birləşmiş Ştatların Meksika ilə “sərhədinin pozulması” nəticəsində zərər hökumətin artıq 23 gündür qismən fəaliyyətini dayandırmasının təsirlərindən daha böyükdür.

“Cənub sərhədində divarın inşası bütün ölkə üzrə cinayət səviyyəsinin azalmasına gətirib çıxaracaq”, Tramp bazar günü Twitter sosial şəbəkəsində yazdığı mesajında bildirib.

Birləşmiş Ştatlar hökumətinin qismən bağlanması nəticəsində yüz minlərlə federal hökümət işçisi hələ də işləmir, bir neçə yüz min digər işçi isə işləsə də, maaşlarını almır.

Prezident Tramp qeyri-qanuni immiqrasiyanın qarşısını almaq üçün ABŞ-Meksika sərhədində divarın inşası məqsədilə 5 milyard dollar məbləğində vəsaitin daxil edilmədiyi təqdirdə büdcə planını təsdiq etməkdən imtina edir. ABŞ Konqresindəki demokratlar isə prezidentin bu tələbini rədd edərək, bunun qeyri-effektiv olacağını və baha başa gələcəyini bildirir.

ABŞ-ın San Diyeqo şəhəri ətrafında Meksika ilə sərhədi
ABŞ-ın San Diyeqo şəhəri ətrafında Meksika ilə sərhədi

Tramp və demokratlar arasında mübahisənin həlli istiqamətində heç bir irəliləyiş yoxdur. ABŞ Konqresi məsələ ilə bağlı bazar ertəsi müzakirələr keçirməyi planlaşdırır.

“Mən Ağ Evdə gözləyirəm. Demokratlar adamlar maaşlarını gözlədikləri zaman Vaşinqtondan başqa hər yerdədir. Onlar şənlənirlər və heç bu haqda danışmırlar!”, Tramp növbəti Twitter mesajında yazıb.

Tramp bununla Brodveyin “Hamilton” şousunun xeyriyyə tamaşasında iştirak etmək üçün Karib hövəzindəki Puerto Riko adasına səfər edən 30 demokrat qanunvericini nəzərdə tutub.

Donald Tramp dekabrın 22-də federal hökumətin fəaliyyətini qismən dayandırmasından öncə hökümətin bağlanmasına görə məsuliyyəti öz üzərinə götürəcəyini bildirsə də, hazırda buna görə demokratları günahlandırır.

XS
SM
MD
LG