ABŞ prezidenti səudiyyəli jurnalistin "özbaşına hərəkət edən qatillər" tərəfindən öldürüldüyünü təxmin etdiyini deyib.
Donald Tramp bildirib ki, Səudiyyə Ərəbistanı kralı Salmanla 20 dəqiqəlik telefon söhbəti zamanı o, Xaşuqçinin başına gələnlərdən xəbərdar olmadığını deyib.
“Onun inkar etməsi bundan güclü ola bilməzdi. Mən onun ağlında olanları bilmirəm, amma mənə elə gəldi ki, bəlkə də jurnalisti dövlətin nəzarətindən kənarda olan qatillər öldürüb. Axı kim bilir?”- deyə, ABŞ dövlət başçısı əlavə edib.
Tramp dövlət katibi Mayk Pompeonu kral Salmanla görüş üçün Səudiyyə Ərəbistanına səfərə göndərib.
Prezident heç nəyin gizli qalmayacağına vəd verib.
Türkiyə rəsmiləri Səudiyyə Ərəbistanından olan jurnalistin o ölkənin İstanbuldakı konsulluğunda öldürüldüyü qənaətinə gəlib.
Səudiyyə rəsmiləri itthamları əsasız adlandırıb.
Məlumata görə, jurnalist sənəd almaq üçün oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna daxil olub. Həmin sənəd ona evlənmək üçün lazım imiş.
Camal Xaşuqçinin nişanlısı onu konsulluq önündə gözlədiyini və onun heç zaman oradan çıxmadığını deyib.
The Washington Post qəzetinə də yazan və ABŞ-da yaşayan jurnalist ötən il Səudiyyə Ərəbistanının dissident səsləri boğmasından sonra vətənini tərk edib.
Keçmiş qəzet redaktoru demişdi ki, Səudiyyə Ərəbistanının Yəmən siyasəti və fərqli düşünənləri boğmasını tənqid etdiyinə görə ondan qisas ala bilərlər.