Accessibility links

Tramp ABŞ-Meksika sərhədində divarın inşasına qədər hərbi qüvvə yerləşdirmək istəyir


Prezident Donald Tramp mühacirətlə bağlı tonunu daha da sərtləşdirərək deyib ki, Meksika ilə sərhəddə vəd edilən divar inşa olunana və müvafiq şəkildə təhlükəsizlik təmin edilənə qədər qeyri-qanuni mühacirlərin qarşısını almaq məqsədilə sərhəddə ABŞ hərbi qüvvələrinin yerləşdirilməsini istəyir.

Bundan öncə Honduras və başqa ölkələrə Birləşmiş Ştatlara Mərkəzi Amerika miqrantlarının “karvanını” dayandırmayana qədər ABŞ-ın yardımını saxlayacağı ilə təhdid edən Tramp hərbi qüvvələrin sərhəddə yerləşdirilməsini “böyük bir addım” adlandırıb.

“Divar və müvafiq təhlükəsizlik olana qədər biz sərhədimizi hərbi qüvvələrlə qoruyacayıq”, Tramp bildirib. O, məsələni müzakirə etmək üçün yaxın zamanda ABŞ müdafiə naziri Com Mattis və başqaları ilə görüşəcəyini deyib.

Çərşənbə axşamı Twitter səhifəsindəki mesajında Tramp yazıb ki, “bizim Zəif Qanunlar Sərhədinə yönələn karvan buraya çatmazdan əvvəl dayandırılsa yaxşıdır.” Tramp “sağmal inək” adlandırdığı azad ticarətə dair NAFTA razılığının taleyindən və Honduras və başqa ölkələrə yardımdan söhbət getdiyini yazıb. O, Konqresi fəaliyyətə keçməyə çağırıb.

Meksika sərhədində hərbi qüvvələrin yerləşdirilməsi yeni fikir deyil. Prezident Corc Buş oğulun hakimiyyəti dövrü 2006-2008-ci illərdə Milli Qvardiya sərhəddə kəşfiyyatla bağlı təhlillərin aparılmasında istifadə edilib. Lakin Pentaqona əsasən, qvardiyadan birbaşa hüquq-mühafizə funksiyasının icrasında istifadə edilməyib.

Mərkəzi Amerika ölkələrindən Birləşmiş Ştatlara yollanan miqrantlar, Meksika, 31 mart, 2018.
Mərkəzi Amerika ölkələrindən Birləşmiş Ştatlara yollanan miqrantlar, Meksika, 31 mart, 2018.

2010-cu ildə ABŞ-ın keçmiş prezidenti Barak Obama sərhəd mühafizəçilərinə kəşfiyyat və izləmə fəaliyyətlərində yardım məqsədilə Milli Qvardiyanın üzvlərini ABŞ-Meksika sərhədinə göndərmişdi.

Konqresin bəzi üzvləri hərbi qüvvələrdən sərhəddə istifadə edilməsi fikrini narahatlıqla qarşılayır. Demokrat senator Brayan Şatz bildirib ki, Tramp bunun üçün Konqresin razılığını almalıdır.

Respublikaçı nümayəndə Fransis Runi isə sərhəddə zorakılıq halları riskinin mövcud olduğunu qeyd edib.

Tramp bazar ertəsi demokratları mühacirət məsələsində tənqidə məruz qoyub və ABŞ qanunvericilərinin Birləşmiş Ştatlar və Meksika arasında sərhəddə divarın inşası ilə bağlı qanun layihəsini qəbul etməsi üçün təzyiqləri artırıb. Divarın inşası Trampın 2016-cı ildə prezident seçki kampaniyasının əsas vədlərindən biri idi.

XS
SM
MD
LG