Accessibility links

Tramp Şimali Koreya ilə danışıqları istisna etməyib


ABŞ prezidenti Donald Tramp bazar ertəsi bildirib ki, son zamanlar Şimali Koreyaya Pxenyanın nüvə və raket proqramları ilə bağlı təzyiqləri artıran Birləşmiş Ştatlar lazımi şərtlərə əməl olunduğu halda, Pxenyanla danışıqlara hazırdır.

Tramp bu açıqlamaları Şimali Koreyanın ABŞ-la danışıqlara hazır olmasına dair xəbərlərin açıqlanmasından sonra verib.

Amerika lideri Şimali Koreya ilə danışıqların mümkünlüyü haqda Ağ Evdə Birləşmiş Ştatların qubernatorları ilə görüş zamanı danışıb. O deyib ki, onun administrasiyasının tələblərindən sonra Çin Şimali Koreya probleminin həlli istiqamətində əvvəllər olduğundan daha çox səy göstərir.

Tramp eyni zamanda bildirib ki, Pxenyana qarşı sanksiyaların tətbiq edilməsinə baxmayaraq, Şimali Koreyaya Rusiyadan çox sayda mallar gətirilir.

ABŞ prezidenti Şimali Koreya ilə danışıqların mümkünlüyü ilə bağlı “baxıb görəcəyik” ifadəsini işlədib.

Cənubi Koreya rəsmiləri Pxenyanın son zamanlar düşmən bəyanatlarına baxmayaraq, Şimali Koreyanın ABŞ-la dialoqa hazır olduğunu bəyan edib.

Seulun prezident aparatı Prezident Mun Cae-İn-lə Şimali Koreyanın nümayəndə heyəti arazındakı görüş zamanı dialoq barədə müzakirələr keçirildiyini bildirib.

XS
SM
MD
LG