ABŞ prezident Donald Tramp BMT-nin Baş Assambleyasının illik sessiyası çərçivəsində Təhlükəsizlik Şurasında keçirilən iclasına sədrlik edir. Müzakirələrin diqqət mərkəzində İranın Yaxın Şərqdə nüfuzu və kütləvi qırğın silahlarının yayılmaması məsələləri durur.
Görüş Trampın Baş Assambleyanın sessiyasında çıxışı zamanı dünya liderlərini “İran rejimini təcavüzkarlığını davam etdirənə qədər təcrid etməyə” çağırmasından bir gün sonra keçirilir.
Tramp çıxışında İranın nüvə proqramına son qoymaq üçün keçmiş prezident Obama dövrünə aid 2015-ci ildə imzalanmış nüvə sazişinin “İran liderləri üçün göydəndüşmə olduğunu” bir daha təkrar edərək, bunun “terrorizmin və Suriya və Yəməndə xaos və qırğının maliyyələşdirilməsi” üçün Tehranın hərbi büdcəsini təxminən 40 faiz artırmasına imkan verdiyini bildirib.
Tramp bildirib ki, Birləşmiş Ştatlar İranın regionda davranışını dəyişməsi məqsədilə Tehrana qarşı iqtisadi sanksiyalar kampaniyasına başlayıb. Amerika lideri deyib ki, onun administrasiyası İranla razılığa əsasən aradan qaldırılmış sanksiyaların keçən ay yenidən bərpasına başlayıb və noyabrın 5-dən sonra əlavə yeni sanksiyalar tətbiq olunacaq.
İran prezidenti Həsən Ruhani Baş Assambleyasında çıxışında onun ölkəsinin danışıqlar masasına güclə gətirilməyəcəyini deyib. Ruhani həmçinin Tramp administrasiyasını qlobal təsisatların işini qeyri-efektiv etməkdə günahlandırıb.
BMT-də keçən il ilk çıxışından sonra Tramp təşkilata maliyyəni azaldıb, Paris İqlim Razılığı və İranla nüvə sazişindən çıxıb, BMT-nin İnsan Haqları Şurasını tərk edib.