ABŞ prezidenti Donald Tramp Əfqanıstanda Taliban qiyamçıları ilə danışıqların bərpa olunduğunu bildirib və Amerika qoşunlarını ölkədən çıxarıcağına dair vədləri yeniləyib.
“Biz hazırda Talibanla razılıq üzərində işləyirik. Görək, nə olacaq” – deyə, Tramp cümə günü “Fox and Friends” verilişinə telefon zəngi zamanı söyləyib. O əlavə məlumat verməyib.
Məhbus mübadiləsi
Trampın bu sözləri bazar ertəsi baş verən məhbus mübadiləsindən sonraya təsadüf edib. ABŞ-ın dəstəklədiyi Əfqanıstan höküməti Talibanın bir amerikalı və bir avstraliyalı professoru azadlığa buraxması müqabilində qiyam qrupunun üç yüksək səviyyəli üzvünü sərbəst buraxıb. Bundan əlavə Taliban “xoş niyyətinin nişanı” olaraq 10 əfqan əsgərini də azadlığa buraxıb.
2016-cı ildən bəri girov kimi saxlanılan amerikalı Kevin Kinq və avstraliyalı Timotik Viksin sərbəst buraxılmasının ABŞ-Taliban danışıqlarının bərpasına gətirib çıxaracağı gözlənilirdi.
“Ümid edək ki, bu, sülh danışıqlarında uzun zamandır davam edən bu müharibəyə son qoyacaq atəşkəs kimi müsbət nəticələrin əldə olunmasına gətirib çıxaracaq”– deyə, Tramp çərşənbə axşamı Qərbli girovların sərbəst buraxılmasından sonra yazmışdı.
Taliban ABŞ-la danışıqların bərpa olub-olunmadığına dair dərhal reaksiya verməyib.
Sentyabr danışıqları
Tramp sentyabrın əvvəlində Talibanla bir il davam edən danışıqları dayandırıb və buna Talibanın Kabildə bir amerikalı əsgərin ölümü ilə nəticələnən hücumunu səbəb göstərmişdi. Tramp cümə günü bu qərarını müdafiə edib.
“Sonuncu dəfə razılığın əldə olunmalı olduğu vaxt, onlar insanları öldürüb daha güclü mövqedə olacaqlarını düşündü”, Tramp izah edib.
Tramp Talibanla danışıqları dayandırdığı vaxt, 18 ildir davam edən Əfqanıstan müharibəsinin iki tərəfi Talibanın terrorla mübarizə aparacağına dair zəmanəti və Əfqanıstan daxilində sülh danışıqları aparmaq vədi müqabilində Amerika ordusunun geri çəkilməsinə zəmin yaradacaq razılıq imzalamağa yaxın idilər.
ABŞ-ın baş vasitəçisi Zalmay Xəlilzad cümə günü məhbus mübasiləsinin “zorakılıqların azalmasına” Əfqan höküməti, Taliban və figər əfqan liderlərinin iştirakı ilə sisyasi həll yolu axtarışında “sürətli iləriləyişə” gətirib çıxarıcağına ümid bəslədiyini söyləyib.
Lakin Talibanın sözçüsü Suhail Şahin bu həftənin əvvəli qrupun məhbus mübadiləsindən sonra Əfqanıstan höküməti ilə birbaşa danışıqlar aparmağa razılıq verdiyini inkar edib.
Taliban Kabil administrasiyası ilə hər hansı sülh danışıqlarının aparılmasına qarşı çıxır və onları “Amerikanın kuklası” adlandırır.