Accessibility links

Tramp: Talibanla danışıqlar gedir, ancaq ölkə hələ də "terror yuvası"-dır


Birləşmiş Ştatlarla Taliban arasında çoxdan gözlənilən sülh razılığının taleyi Əfqanıstanda 18 ildir davam edən müharibədəki düşmən tərəflərin hələ müzakirə üçün "bəzi detalların" olduğunu demələrindən sonra havadan asılı qalıb.

Taliban və Birləşmiş Ştatlar nümayəndələri son günlər dəfələrlə bu razılığı imzalamağa hazır olduqlarını deyiblər. ABŞ prezidenti Donald Trampla onun milli təhlükəsizlik komandası arasında keçən cümə günü keçirilən görüşdən sonra mətbuatda Birləşmiş Ştatlar ordusunun ölkədən çıxacağı ilə bağlı rəsmi açıqlama ola biləcəyi barədə xəbərlər dolaşmağa başladı.

Çox mühümdür ki, biz orada kəşfiyyat işlərimizi davam etdirək, çünki ora bizi vurmağa hazır olan terrorçular yetişdirir.
Donald Tramp, ABŞ prezidenti

Bazar günü Nyu Cersidən Ağ Evə döndükdən sonra jurnalistlərlə görüşən Donald Tramp Əfqanıstandakı ABŞ qoşunlarının azaldılması planı üzərində işin hələ də davam etdiyini deyib.

“(Talibanla) çox yaxşı müzakirələr aparırıq. Nə olacağını görəcəyik. Əslində, Əsgərlərimizin sayını 13,000-ə endirmişik və sayı bir qədər də azaldacağıq. Sonra orada nə qədər qalıb-qalmayacağımıza qərar verəcəyik," Prezident Tramp bildirib.

Əfqanıstanın terror yuvası olduğunu vurğulayan ABŞ prezidenti həmin ölkədə İslam Dövləti və Əl-Qaidəyə qarşı mübarizə məqsədilə iri kəşfiyyat qrupu saxlamağı planlaşdırır.

"Düşünürəm ki, bütün hallarda orada kəşfiyyat əməliyyatları aparmağımız çox vacibdir. Çünki ora bizi vurmaq istəyən terrorçu yuvasıdır. Orada hər şey nəzarətimiz altındadır və qüvvələrimizi kiçildə bilərik, qalanına isə sonra qərar verərik. Bu, Talibandan, Əfqanıstan hökumətindən asılı olacaq".

ABŞ-Taliban danışıqları
ABŞ-Taliban danışıqları

Taliban isə Birləşmiş Ştatlarla danışıqlara Amerika və NATO ordularının Əfqanıstandan tamamilə çıxarılması şərti ilə başlayıb. Belə olmadığı təqdirdə üsyançı qrup daimi sülh üçün əfqan hökuməti ilə danışıqlara getməyəcəyini elan edib.

Bazar günü Talibanın siyasi sözçüsü Süheyl Şahin Birləşmiş Ştatlarla imzalanacaq razılığın tarixi təyin olunmamışdan əvvəl "bəzi detallar" üzərində hələ işlənməli olduğunu deyib.

XS
SM
MD
LG