Qərb yarımkürəsinin iqtisadi baxımdan ən çox inkişaf etmiş iki böyük ölkəsi ticarət əlaqələri və hərbi əməkdaşlığın gücləndirilməsinə söz verib.
“Braziliya və Birləşmiş Ştatlar heç vaxt indiki qədər yaxın olmayıb”, ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı günü braziliyalı həmkarı Jair Bolsonaronu Ağ Evdə qəbul edərkən bildirib.
Braziliya lideri öz növbəsində Vaşinqtona “Braziliyada on illərdir ABŞ əleyhdarı prezidentlərdən sonra” əməkdaşlığın yeni dövrünə başlamaq üçün gəldiyini bəyan edib.
Bu yaxınlarda prezident seçilmiş Jair Bolsonaro ifrat-sağ görüşləri və Braziliyada hərbi diktatura dövrü üçün nostalgiyaya görə “tropiklərin Trampı” kimi tanınır.
“Biz bir çox dəyərləri paylaşırıq. Mən prezident Trampa pərəstiş edirəm”, Jair Bolsonaro bildirib.
Müxbirlərin suallarına cavab verməzdən əvvəl iki lider Ağ Evin Oval otağında bir-biri ilə futbol formalarını dəyişdirib.
“İstər NATO, ya da alyansla bağlı başqa bir məsələ olsun, Birləşmiş Ştatlar Braziliya ilə hərbi münasibətləri gücləndirməyi planlaşdırır”, Tramp müxbirlərin suallarına cavab verərkən deyib.
İki lider həmçinin Venesuelada müxalifət lideri Xuan Quaydoya dəstək məsələsini müzakirə edib. Qərbin və Latın Amerikasının bir sıra ölkəsi, o cümlədən Birləşmiş Ştatlar və Braziliya Quaydonu Venesuelanın legitim lideri kimi tanıyır.
ABŞ və Braziliya arasında artıq bir sıra müqavilələr, o cümlədən Amerika şirkətlərinə peyklərin Braziliyadan fəzaya göndərilməsinə dair və ABŞ vətəndaşlarının Braziliyaya vizasız səfərlər etməsinə imkan verən razılaşmalar imzalanıb.