ABŞ prezidenti Donald Tramp Konqresdə hər iki partiyanın dəstəklədiyi paketə etiraz edərək, illik müdafiə siyasəti qanun layihəsinə veto qoyub.
O, bunu Çin və Rusiyaya “hədiyyə” adlandırıb. Milli Müdafiə Səlahiyyəti Aktı (NDAA) 740 milyard dollarlıq hərbi proqramlara icazə və ordu üzvlərinə 3% maaş artımını nəzərdə tuturdu.
NDAA qoşun səviyyələri, silah sistemləri və personal kimi məsələlərdə Pentaqon siyasətini rəhbər tutur.
Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Trampın vetosunu “qüvvələrimizə zərər verən təəccüblü bir ehtiyatsızlıq hərəkəti” adlandırıb.
Tramp hələ çoxdan qanun layihəsinə sosial media şirkətlərinin məsuliyyətinin qorunmasını təmin edən 1996-cı il Rabitə İncəliyi Qanununun 230-cu maddəsinin ləğvini daxil etmədiyi təqdirdə ona veto qoyacağı ilə hədələyirdi.
Trampın layihə ilə bağlı şikayətləri arasında Amerika qoşunlarını vətənə qaytarmaq üçün baş komandan kimi nüfuzuna xələl gətirəcəyi də yer alır.
"Mən Amerika ictimaiyyəti kimi sonsuz müharibələrə qarşıyam. Bununla birlikdə ikitərəfli etirazlara görə, bu qanun layihəsi prezidentin Əfqanıstan, Almaniya və Cənubi Koreyadan qoşunlarını geri çəkmək qabiliyyətini məhdudlaşdırmağı hədəfləyir. Bu pis siyasət olmaqla yanaşı, konstitusiyaya ziddir” - deyə, Tramp bildirib.
Veto Senatın əksəriyyət lideri Mitç Makkonnell də daxil olmaqla, Respublikaçı Partiyasından bir çoxlarının prezidentdən qanun layihəsini imzalaması çağırışından sonra qoyulub.
Həm Nümayəndələr Palatası, həm də Senat qanun layihəsini vetot ətbiqi olmadan səs çoxluğu ilə qəbul edib.
Nümayəndələr Palatasının spikeri Pelosi bazar ertəsi günü Trampın vetosunu ləğvi üçün səsvermə keçiriləcəyini deyib.
Senatın isə məsələyə çərşənbə axşamı baxacağı gözlənilir.
Konqresin vetonun ləğvi üçün yeni Konqresin and içəcəyi 3 yanvar tarixinə qədər vaxtı var.