Respublikaçı qanunvericilər həftələrdir qalmaqallarla qarşılaşmış Tramp administrasiyası ilə bağlı ya məhdud şərhlər verir, ya da ümumiyyətlə şərh verməkdən çəkinirdi. Lakin bu tendensiyanın çərşənbə axşamı günü mediada Federal Təhqiqatlar Bürosunun (FBI ) keçmiş direktoru Ceyms Kominin prezident Donald Trampın ona keçmiş milli təhlükəsizlik müşaviri Maykl Flinnin Rusiya ilə əlaqələrinə dair təhqiqatı dayandırmaq üçün təzyiq göstərdiyi haqda xəbərlərdən sonra dəyişdiyi müşahidə edilir. Media məlumatlarına görə, FBI direktoru bununla bağlı yazılı qeydləri olub.
Respublikaçılar partiyasının veteran qanunvericilərindən biri olan nüfuzlu senator Con Makkeyn deyib ki, Trampın hərəkətləri 1974-ci ildə istefa vermis prezident Riçard Niksonun hərəkətlərinə bənzəyir.
“Fikrimcə, biz Trampın ziddiyyətlərinin Uotergeyt həcmi və miqyasına çatdığını müşahidə edirik. Demək olar ki, hər bir gündən bir biz onun həqiqətən də xoşagəlməz vəziyyətdə olduğunu görürük”, Con Makkeyn bildirib.
Demokratlar isə Kominin vəzifəsindən azad edilməsinin bütün təfərrüatları, Trampın Rusiya rəsmiləri ilə əlaqələri, eləcə də prezidentin keçən həftə Rusiya rəsmilərilə bölüşdüyü məxfi məlumatlar və prezidentin yaxın ətrafındakı şəxslərin Rusiya ilə kontaktlarının araşdırılması kimi bir sıra tələblər irəli sürür.
Senatda demokrat azlığın lideri Çak Şumer Ağ Evi Trampın Komi ilə danışıqlarının stenoqrammasını açıqlamasını tələb edir.
“Prezident deyib ki, Kominin dediyi yanlışdır. Bunu sübut edin”, Çak Şumer bildirib.
Konqresin Nümayəndələr Palatasının heyətinin üzvləri FBI-dan Kominin bütün qeydlərini təqdim etməyi tələb edib. Nümayəndələr Palatasının spikeri Pol Rayan deyib ki, respublikaçılar ambisiyalı proqramın həyata keçirilməsi kimi bir vəzifə daşıyaraq, əsas zərbələri öz üstünə götürməli olur.
“Bizə faktlar lazımdır. Bu aşkardır ki, burada bəzi adamlar prezidentə zərər vurmaq istəyir. İndi bütün müvafiq informasiyanın toplanması vaxtdır. Bizim işimiz məsuliyyətli və ayıq olmaq və diqqəti faktların toplanılmasına yönəltməkdir”, Pol Rayan bildirib.