Accessibility links

Tropik "Hilari" fırtınası Kaliforniyaya daşqınlar gətirib


Tropik "Hilari" fırtınası cənubi Kaliforniya və Nevada ştatlarına güclü yağışlar gətirib. Sinoptiklər quruya doğru hərəkət edən nadir fırtınanın həyat üçün təhlükə yarada və fəlakətli ola biləcəyi ilə bağlı xəbərdarlıq edib.

ABŞ Milli Meteoroloji Xidməti təhlükəli daşqınlar səbəbindən Los-Anceles bölgəsindəki insanları yollardan uzaq durmağa çağırıb.

Bazar ertəsi Nevadaya çatandan sonra tropik depressiyaya qədər zəifləyəcəyi gözlənilən fırtınanın əhatə etdiyi ərazilərin çoxunda bu cür tropik fırtına ilə əlaqəli yağışlar müşahidə edilməyib.

Sinoptiklər bəzi səhra ərazilərinə 12-25 santimetr yağış yağacağı barədə xəbərdarlıq edib.

"Səhranın bəzi yerlərində bu, bir illik yağışların həcmidir. Kaliforniyanın cənubunda və San-Dieqoda avqust ayında normal yağış həcmi heç nədir. Beləliklə, burada çox qeyri-adi bir hadisə baş verir", San-Dieqodakı Milli Okean və Atmosfer Administrasiyasının baş meteoroloqu Aleks Tardi mətbuat brifinqində deyib.

Kaliforniya qubernatoru Qavin Nyusom fəsadların aradan qaldırılması və bərpa səylərinə yardım etmək üçün ştatda fövqəladə vəziyyət elan edib.

ABŞ prezidenti Co Baydenin administrasiyası Kaliforniya, Nevada və Arizona ştatlarına yardım göstərməyə hazır olduğunu bildirib.

Fırtına Los-Anceles, San-Dieqo və Las-Veqasda uçuşların təxirə salınmasına səbəb olub. Los-Anceles və San-Dieqoda məktəblər bazar ertəsi bağlanıb.

Kaliforniyada sonuncu tropik fırtına 1977-ci ildə baş verib.

Forum

XS
SM
MD
LG