Baş nazir Castin Trudo bazar ertəsi bildirib ki, Kanadanın kəşfiyyat rəsmiləri Türkiyənin səudiyyəli jurnalist Camal Xaşuqcinin başına gələnləri qeydə alan səs yazılarını dinləyib. O, müttəfiqləri ilə növbəti addımları müzakirə etdiyini əlavə edib.
Kanadanın kəşfiyyat idarələri bu məsələdə Türkiyə kəşfiyyatı ilə yaxından işləyir və Kanadaya Türkiyədə olan məlumatlar çatdırılıb.Castin Trudo
Səudiyə vəliəhdi Şahzadə Məhəmməd bin Salmanın tənqidçisi olan Xaşuqci Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda Ər-Riyaddan göndərilən komanda tərəfindən öldürülüb. Səudiyyə hüquq-mühafizə orqanları qətlin öncədən planlaşdırıldığını qəbul edib, lakin onun cəsədi hələ ki, tapılmayıb.
Həftə sonu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, qətlin səs yazıları ABŞ, Fransa, Almaniya və Britaniya hökümətlərinə göndərilib.
Parisə səfəri zamanı Kanada kəşfiyyatının həmin səs yazıları dinləyib-dinləmədiyinə dair suala cavab olaraq Trudo “Bəli” deyib, lakin özünü şəxsən həmin səs yazılarını dinləmədiyini qeyd edib.
“Kanadanın kəşfiyyat idarələri bu məsələdə Türkiyə kəşfiyyatı ilə yaxından işləyir və Kanadaya Türkiyədə olan məlumatlar çatdırılıb”, Trudo mətbuat konfransı zamanı bildirib.
O həmçinin Parisdə Ərdoğanla bu məsələni müzakirə etdiyini bildirib.
Kanada Birləşmiş Ştatlar, Britaniya, Avstraliya və Yeni Zelandiya ilə birlikdə bir-biriləri ilə məlumat paylaşan Beş Göz adlı kəşfiyyat şəbəkəsinin bir üzvüdür.
Trudo ölkədə seçkilər yaxınlaşdığı bir vaxt, Səudiyyə Ərəbistanı ilə 13 milyard dollarlıq silah razılığını qüvvədə saxlamağa davam edərək, Ər-Riyadı insan haqları pozuntularına görə necə cəzalandıracağı ilə bağlı dilemma ilə üzləşir.
O, Kanadada ABŞ-ın General Dynamics şirkətinin istehsal etdiyi zirehli maşın müqaviləsini dondurması üçün təzyiqlə üzləşir, baxmayaraq ki, bu razılıq Ontario ştatının London şəhərində 3 min iş yeri yaradıb.
Səs yazmalarının Ottavanın Ər-Riyadla münasibətlərini dəyişib-dəyişməyəcəyi və bunun hər hansı nəticələrinin olub-olmayacağına dair sualı cavablandırmaqdan yayınan Trudo deyib ki, o, müttəfiqləri ilə istintaq və qətlin arxasında olanların məsuliyyətə cəlb olunması ilə bağlı danışıqları davam etdirir.
“Biz bizimlə eyni fikirdə olan müttəfiqlərimizlə Səudiyyə Ərəbistanına qarşı növbəti addımlarımızı müzakirə edirik”,Trudo deyib.
Bundan əlavə bazar ertəsi Fransanın xarici işlər naziri Jan-İv Le Drian Ərdoğanın sözlərinə zidd olaraq deyib ki, rəsmi Parisdə Xaşuqcinin ölümünə dair səs yazıları yoxdur.
“Həqiqət hələ bəlli deyil. Biz həqiqəti, onun ölümünə gətirib çıxaran vəziyyəti və qətlin arxasında duranların adlarını bilmək istəyirik. Ondan sonra biz müvafiq addımları atacağıq” – deyə, Le Drian France 2 televiziya kanalına bildirib. “Əgər Türkiyə prezidentində bizimlə paylaşacaq məlumat varsa, onu bizimlə paylaşmalıdır. Hələ ki, məndə bu məlumatlar yoxdur”- o deyib.